“Bütün dövlət orqanlarının veb-saytlarında elektron müraciət üçün xüsusi bölmələr var”
|
-Əhməd müəllim, monitorinq nə məqsədlə keçirilib?
- Monitorinqin məqsədi Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi tədbirlərə, o cümlədən, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın yaradılması və korrupsiyaya qarşı mübarizə tədbirlərinə dəstək verilməsidir. Həmçinin bu istiqamətdə fəaliyyətin daha səmərəli həyata keçirilməsinə yardım göstərilməsi və əldə olunmuş nailiyyətlər, görülən işlər barədə ictimaiyyətin məlumatlandırılmasıdır. Məqsədimiz eyni zamanda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq vətəndaşların müraciət etmək hüquqlarının reallaşdırılması, onlara baxılma qaydaları, bu istiqamətdə dövlət orqanlarının fəaliyyətini nəzərdən keçirmək idi. Biz 2 istiqamət üzrə monitorinq apardıq. Belə ki, öncə dövlət orqanlarının fəaliyyətində vətəndaşların müraciət etmək hüquqlarının reallaşdırılması, onlara baxılma qaydaları və s. səviyyəsini öyrəndik. Daha sonra dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırma vəziyyətini monitorinq etdik.
Bakı və 5 regionda keçirilən monitorinq zamanı 30-a yaxın rəsmi dövlət hakimiyyəti orqanları üçün sorğular göndərilib, eləcə də müxtəlif maraq qrupları, ictimai fəallar və əhali arasında sosioloji sorğular aparılıb. Bundan başqa rəsmi dövlət hakimiyyəti orqanlarının və müxtəlif maraq qruplarının təmsilçilərindən müsahibələr götürülüb. Eyni zamanda yerli media və internet resurslarının işi analiz edilib.
- Rəsmi dövlət hakimiyyəti orqanları üçün hansı sorğular göndərmişdiniz?
- Ümumi 13 sorğu göndərmişdik. Bu sorğular rəsmi qurumlara edilən müraciətlərin (ərizə və şikayətlər) ümumi sayı, vətəndaşların təklif və rəylərinin qəbul edilməsi üçün elektron ünvanlar, “Elektron müraciət” bölməsinin olub-olmaması və digər məsələlərlə bağlı idi. Qeyd etmək lazımdır ki, müraciətimizi əksər dövlət orqanları cavablandırıb. Lakin müraciətlərimizə laqeyd yanaşaraq cavablandırmayan təşkilatlar da var idi.
- Monitorinqdən hansı nəticələr əldə etdiniz?
- İki ay müddətində həyata keçirilən monitorinqin nəticələrinə görə, demək olar ki, bütün dövlət orqanlarının veb-saytları fəaliyyət göstərir və əksər saytlarda da elektron müraciət üçün xüsusi bölmələr fəaliyyət göstərir. Lakin edilən müraciətlərlə bağlı məlumatlar və müraciətlərlə bağlı görülən tədbirlər barədə məlumatlar saytlarda yerləşdirilməyib.
Vətəndaşların dövlət orqanlarına müraciətləri üçün internet resurslarından istifadə sayəsində dövlət orqanları tərəfindən təmin edilməsi ilə bağlı monitorinqin nəticəsində məlum olub ki, mərkəzi icra hakimiyyəti orqanlarının, rayon və şəhər icra hakimiyyəti qurumlarının saytlarında vətəndaşların müraciətlərinin, təklif və rəylərinin qəbul edilməsi üçün elektron ünvanlar yerləşdirilib. Bundan əlavə həmin saytların hamısında “Elektron müraciət” bölməsi yaradılıb. Vətəndaşlar bu bölməyə daxil ola, ad və soyadını, cinsini, sosial statusunu, əlaqə vasitələrini qeyd etdikdən sonra isə “təklif”, “şikayət”, “ərizə” linklərindən birini seçə bilər. Bunun ardınca ekranda açılan geniş səhifədə öz qeydlərini yazmaqla “Göndər” düyməsi vasitəsilə ünvana yönəldilə bilər.
Mərkəzi icra hakimiyyəti orqanlarının bir çoxunda interaktiv sual-cavab üçün xüsusi bölmə yaradılıb. Eyni zamanda monitorinqə cəlb olunan dövlət orqanlarının əksəriyyətində, xüsusi ilə rayon və şəhər icra hakimiyyəti qurumlarının çoxunun saytında müzakirələrin təşkil edilməsi və interaktiv sual-cavab üçün xüsusi bölmə yaradılmayıb. Yəni, hazırkı saytlarda vətəndaşlara bu orqanlarla onlayn əlaqə imkanı yaradılmayıb, interaktiv əlaqə faktiki olaraq birtərəflidir.
Müraciətlər, verilən suallarla, onların cavablandırılması ilə bağlı saytlarda məlumatlar yerləşdirilməyib. Dövlət orqanlarının elektron ünvanlara malik olması, internet saytları vasitəsilə elektron müraciət imkanı yaratması internet resursları hesabına vətəndaşların yerli dövlət idarəetməsinə cəlb olunması baxımından müsbət addımlardır. Lakin bu prosesin daha fəal və şəffaf keçməsi baxımından internet saytlarında vətəndaşlarla dövlət orqanlarının interaktiv əlaqə imkanı olduqca mühümdür. Bu cür əlaqə dövlət qurumlarının vətəndaşların elektron müraciətlərinə dərhal, süründürməçilik etmədən bilavasitə sayt vasitəsilə cavabların göndərilməsini nəzərdə tutur. İnteraktiv virtual əlaqə vəzifəli şəxsləri vətəndaşların rəy, təklif və şikayətlərinə daha məsuliyyətli yanaşmağa məcbur edər. Müraciətlərlə bağlı məlumatların saytlara yerləşdirilməsi də bu sahədə şəffaflığın təmin edilməsi üçün daha bir zəmin olardı. Monitorinqin nəticələri bir daha sübut etdi ki, bu sahədə əvvəlki illərə nisbətən ciddi dəyişikliklər olub.