“Əxlaqsız efirdə insanlara əxlaq dərsi keçir”
“Əxlaqsız efirdə insanlara əxlaq dərsi keçir”
Əhməd Abbasbəyli: “15-16 yaşlı gənc televiziyaya baxanda əxlaqı, tərbiyəsi, savadı, mədəniyyəti sual altında olan bir insanı gördükdə həmin gənc də düşünür ki, bu cür həyat tərzi normaldır”
Bu gün avropalaşmaq Avropa mədəniyyəti deyəndə açıq-saçıq geyim tərzi kimi başa düşülür. Məsələ ilə bağlı sosioloq Əhməd Abbasbəylinin fikirlərini öyrəndik. Əhməd Abbasbəyli deyir ki, əslində biz avropalaşma deyəndə məsələyə birtərəfli yanaşmalı deyilik. Bizdə çox təəssüflər olsun ki, avropalaşma deyəndə məsələnin görüntüsünə önəm verilir. Sosioloq düşünür ki, avropalaşma birinci növbədə Avropanın demokratik dəyərləri, iqtisadi, mədəni inkişafının ölkədə tətbiqidir. Avropalaşma deyəndə biz bu istiqamətdən inkişaf etməliyik. Sosioloqun sözlərinə görə, bir çox hallarda təəssüf ki bəzi məsələlər düzgün başa düşülmür. Avropalaşma geyim tərzini dəyişdirmək. Əhməd Abbasbəyli qeyd edir ki, Avropanın özündə belə bizim gənclərin geydiyi açıq-saçıq geyimləri geyinmirlər. Avropanın özündə bir çox məsələlərə daha çox diqqət edirlər, nəinki bizdə. Əhməd Abbasbəylinin fikrincə televiziya efirlərində yayımlanan keyfiyyətsiz verilişlər də gənclərin düşüncələrinə təsir edir: “Bəzən olur ki, süni şəkildə düzgün olmayan təbliğat aparılır. Bu baxımdan əsas məsuliyyət televiziyaalrın üzərinə düşür. Televiziyalarda yayımlanan şou-biznes, maqazin verilişləri çox keyfiyyətsiz şəkildə hazırlanır. Onlar bunu avropalaşmaq kimi göstərmək istəyirlər. Amma əslində bu belə deyil. Digər ölkələrin kanallarında verilişlərin bərabərliyi qorunub saxlanılır. Günün müəyyən hissəsi şou-biznes verilişlərinə həsr olunsa da günün müəyyən hissəsi də ciddi, tərbiyəvi, siyasi verilişlərə həsr olunur. Amma bizdə çox təəssüf ki 90% verilişlər əyləncə xarakterlidir. Bu da gəncləri düzgün şəkildə istiqamətləndirmir. Ona görə də bizim gənclər düşünürlər ki, Avropa elə bu deməkdir”.
Əhməd Abbasbəyli avropalaşmanı bu cür təsvir edir: “Avropalaşma ilk növbədə insanın özünün dəyərlərinə hörmət deməkdir, demokratik dəyərlərə hörmət deməkdir, daha sonra iqtisadi, mədəni, texniki inkişaf deməkdir. İlk növbədə küçədə, ictimai yerlərdə öz hərəkətlərinə fikir verməkdir. Bu sürücülərin davranışında da özünü göstərməlidir. Çox təəssüf ki biz hər şeyin pis tərəfini qəbul etməyə çalışırıq.
Biz bugün Avropaya inteqrasiya istiqamətində gedirik, istər geyim tərzi baxımından, istər texnoloji inkişaf baxımından, istərsə də digər baxımlardan olsun. Avropalaşmanı düzgün başa düşən və düzgün anlayan insanlar bilirlər ki, bu, milli mentalitetin itirilməsi deyil. Bir çox hallarda KİV, xüsusilə də televiziyalar Avropanın müsbət dəyərlərindən çox mənfi dəyərlərini təbliğ edirlər. Xüsusilə də bunu şou-biznesin fonunda həyata keçirirlər. Onsuz da dünyanın hər yerində şou-biznesin özünün eybəcərlikləri var. Amma bunu bütün Avropaya şamil etmək ki, avropalılar bu cür yaşayır, bu artıq düzgün deyil. Şou-biznes insanları başqa həyat sürür, normal insanlar başqa. Şou-biznes insanlarının həyat tərzini bütöv Avropaya şamil etmək olmaz. Azərbaycan xalqının həyat tərzi heç də şou-biznesin həyat tərzi deyil”. Əhməd Abbasbəyli qeyd edib ki, açıq-saçıq geyinmək heç də Avropa mədəniyyəti deyil:” Bu gün efirlərdə orta məktəbi bitirməyən savadsızlar xalqa əxlaq dərsi deyir. Bunun Avropaya heç bir aidiyyatı yoxdur. 15-16 yaşlı gənc televiziyaya baxanda əxlaqı, tərbiyəsi, savadı, mədəniyyəti sual altında olan bir insanı gördükdə həmin gənc də düşünür ki, bu cür həyat tərzi normaldır. Ekranlarda açıq – saçıq geyinib gözümüzü yığır edən insanların Avropa mədəniyyətinə nə kimi aidiyyatı var? Bu cür əxlaqsızlığı Avropa mədəniyyəti kimi qəbul etmək olmaz. Bu barədə KİV-də güclü təbliğat işi aparılmalıdır. Avropa mədəniyyəti Baxdan, Motsartdan, Bethovendən başlamış insani keyfiyyətlərə dəyər verən mədəniyyətdir”.