Rüstəm İbrahimbəyovun qayıdışı məsələsi Milli Şurada ikitirəlik yaratdı
Rüstəm İbrahimbəyovun qayıdışı məsələsi Milli Şurada ikitirəlik yaratdı
Fuad Qəhrəmanlı: “Bu məsələdə ayrı-ayrı şəxslərin fikrinə yox, Milli Şuranın qərarına hörmətlə yanaşmaq lazımdır”
Demokratik Qüvvələrin Milli Şurasının iyulun 30-da Tiflisdə baş tutan toplantısında verilən qərar hələ də ölkə gündəmində əsas müzakirə olunan məsələlərdəndir. Belə ki, prezidentliyə namizəd Rüstəm İbrahimbəyovla görüşdə Milli Şura qərara alıb ki, indiki məqamda onun ölkəyə qayıtması doğru deyil.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın bu mövqeyi ilə razılaşmadığını bildirib. İ.Qəmbər qeyd edib ki, iyulun 31-də Rüstəm İbrahimbəyov onlarla birgə qayıtsaydı, ən düzgün siyasi qərar vermiş olardı. Müsavat başqanı müsahibəsində Milli Şuradan bədgüman olduğunu da gizlətməyib: “Biz əvvəldən demişdik ki, Milli Şura deyilən qurumun perspektivi yoxdur. Bunun da nəticəsi göz qabağındadır. Bu adamların son toplantısı göstərdi ki, Milli Şura deyilən qurum bütövlükdə qarşıdan gələn prezident seçkilərinə hər hansı formada qatılmaqda acizdir. Bizim Milli Şuranın gələcəyi ilə bağlı verdiyimiz proqnozlar özünü doğrultdu. Mən düşünürdüm və çox istəyirdim ki, Rüstəm İbrahimbəyov 31 iyulda Bakıda olacaq. Ancaq çox təəssüf ki, bu, olmadı. İndi cəmiyyət siyasətçilərdən məntiqli qərarlar deyil, cəsarətli addımlar gözləyir. Hazırda bəzi siyasətçilər var ki, onlar Rüstəm İbrahimbəyovun Milli Şurada olmasından daha çox İsa Qəmbərin vahid namizədliyə getməsini istəyir. Rüstəm İbrahimbəyov iyulun 31-də bizimlə Bakıya gəlməli idi”.
Müsavat başqanı qeyd edib ki, bu təklifi Milli Şuranın Tiflisdəki toplantısında da səsləndirib.
İ.Qəmbərin fikirlərinə münasibət bildirməsi üçün müraciət etdiyimiz AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, R.İbrahimbəyovun ölkəyə qayıdıb-qayıtmaması onun özünün şəxsi qərarı olmayıb: “Rüstəm İbrahimbəyov Milli Şuranın prezidentliyə vahid namizədidir. Onun Bakıya qayıdıb-qayıtmaması məsələsi də Milli Şura səviyyəsində həll edilməli idi. Rüstəm bəy dedi ki, Milli Şura bununla bağlı nə qərar versə, onu icra etməyə hazırdır. Milli Şura da qərar verdi ki, ikili vətəndaşlıqla bağlı hüquqi prosedurlar həll olunandan sonra o, Bakıya qayıtsın”.
F.Qəhrəmanlı qeyd edib ki, hələlik R.İbrahimbəyovun Bakıya qayıtmasına ehtiyac yoxdur: “Yaxın günlərdə ikili vətəndaşlıqla bağlı məsələnin necə həll olunmasından və onu Bakıda hansı aqibətin gözləməsindən asılı olmayaraq Rüstəm bəy Bakıya qayıdacaq. Ona görə də düşünürəm ki, bu məsələdə ayrı-ayrı şəxslərin fikrinə yox, bütövlükdə Milli Şuranın qərarına hörmətlə yanaşmaq lazımdır”.
Milli Şuranın digər üzvü, hüquqşünas Vidadi Mirkamal isə bildirib ki, həmin fikir İ.Qəmbərin şəxsi fikirləridir: “Yəqin ki, bunun üçün əsasları da var. Ümumiyyətlə isə Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı onun namizədliyinin qeydə alınmasında, yəni prezidentliyə gedən yolda əsas maneədir. Həmin maneəni aradan qaldırmadan öncə real qərar bu idi. Biz başa düşməliyik ki, Rüstəm bəy gəlsə, ona ölkədən çıxmağa icazə verməyəcəklər. Hər halda Rüstəm bəyin 10-15 gün gecikməsi prosesin getməsinə mane olmayacaq. Hazırda seçki qərargahı və Milli Şuranın komissiyaları bütün gücü ilə işləməkdədir”.
Situasiyanı şərh edən Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli isə bildirib ki, prezidentliyə namizəd olan bir şəxs seçki prosesində mütləq iştirak etməlidir. Onun sözlərinə görə, qanunvericiliyin namizəd olacaq şəxsdən tələbi məhz budur. R.İbrahimbəyovun Bakıya qayıdışını əvvəlcədən gözləmədiyini deyən Ə.Abbasbəyli əlavə edib ki, onun namizədliyi irəli sürüləcəyi təqdirdə qeydə alınacağı problemi hələlik öz həllini tapmayıb: “İlk növbədə bunu həll etmək lazımdır. Amma yenə də qeyd etmək istəyirəm ki, prezidentliyə iddiası olan bir şəxsin seçkiqabağı dövrdə, təbliğat-təşviqat kampaniyasında iştirak etməsi və seçki günü ölkədə olması vacibdir. Əks-təqdirdə həmin şəxs bəri başdan məğlubiyyətinə düçar olmuş, məğlubiyyətini etiraf etmiş bir durumda olacaq. Amma mən əvvəlcədən düşünürdüm ki, onun iyulun 31-də Bakıya gəlişi mümkün olmayacaq və bu gün də mümkün deyil. Yalnız Rusiya vətəndaşlığından imtinasını reallaşdırdıqdan sonra, yəni sığortalanmış vəziyyətdə Bakıya qaylda bilər”.
Ekspert Milli Şuranın perspektivi məsələsinə də toxunub. O qeyd edib ki, əslində Milli Şura ilə bağlı görünməyən və çox maraqlı məqamlar var: “Təbii ki, mən bunu birmənalı şəkildə açıqlaya bilmərəm. Çünki proseslərin içərisində deyiləm və onu kənardan müşahidə edirəm. Ancaq fakt odur ki, Rüstəm İbrahimbəyov bugünədək siyasətlə məşğul olmayıb. Azərbaycan müxalif siyasi elitasının birdən-birə dəstəkləməsi yəqin ki, pərdəarxası müəyyən danışıqların, uzunmüddətli bir prosesin nəticəsidir. Rüstəm İbrahimbəyov kino səhnəsindən fərqli olaraq siyasi səhnədə indiyədək fəaliyyət göstərməmiş insandır. O, siyasi proseslərə ancaq son bir-iki il ərzində qatılıb. Siyasi proseslərdə on illərlə liderlik etmiş insanların onu birdən-birə dəstəkləməsi təsadüfi, elə-belə məsələ deyil. Mən inanıram ki, onu dəstəkləyən hər bir iddialı şəxslə, namizədlə, o cümlədən İsa Qəmbərlə müəyyən bir danışıqlar aparılıb. Bu danışıqlarda ortaya müəyyən bir faktlar, hansısa arqumentlər qoyulub ki, onlar Rüstəm İbrahimbəyovun namizədliyini müdafiə etməyə meyilli olublar. Demək, burada hansasa məqamlar var. Milli Şuranı Rusiyanın siyasi hakimiyyəti ilə bağlayanlar, yaxud Rusiyanın maliyyəsi ilə izah edənlər var. Mən bu faktorun nədən ibarət olduğunu bilmirəm. Amma təkzibolunmaz bir məsələdir ki, müxalifətin Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməsində hansısa faktorlar olub”.
Səxavət Həmid