Bəzi QHT-lərə milyon manatlıq layihə verilir

“Bəzi QHT-lərə milyon manatlıq layihə verilir” - MÜSAHİBƏ

Əhməd Abbasbəyli: “Seçki ilində xarici donorların
ayrı-ayrı QHT-ləri maliyyəşdirməsi intensivləşir”
Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb:
- Dövlətin bəzi strukturlarından və ya beynəlxalq donorların maliyyəsi hesabına fəaliyyət göstərən QHT-lər var. QHT-lər maliyyə mənbəsinə görə neçə yerə bölünür?
- Azərbaycanda vətəndaş cəmiyyəti nə qədər fəal olsa demokratiya və şəffaflıq daha çox inkişaf edər. Vətəndaş cəmiyyətində ayrı-ayrı rəsmi strukturların və ya məmurların himayəsində olan QHT-lər var. Onlar təbii ki, tabe olduğu insanların tapşırığını yerinə yetirir. Bununla həmin məmur və strukturların fəaliyyətində şəffaflıq görüntüsünü yaratmaq istəyirlər. Başqa tip QHT-lər var ki, “müxalifət” maskası geyinərək bir sıra fəaliyyət həyata keçirirlər. Xarici və beynəlxalq donorlar müxalifət yönümlü QHT-ləri maliyyələşdirməyə meyllidir. Əslində belə baxanda pis iş deyil. QHT-lər müxalifətçi olmaqda nə qədər səmimidir? Məlumdur ki, bir çox QHT-lər ayrı-ayrı siyasi partiyaların təsiri altında fəaliyyət göstərirlər və birbaşa onların tapşırıqlarını yerinə yetirirlər. Xarici donorlardan maliyyələşənlər müəyyən dar çərçivədə olanlardır. Aldıqları külli miqdarda məbləğin real nəticəsi yoxdur. Xüsusilə seçki ilində xarici donorların ayrı-ayrı QHT-ləri maliyyəşdirməsi intensivləşir. Bəzi QHT-lərə hətta milyon manat civarında layihələr verilir. Bəs onların demokratiyanın inkişafı ilə bağlı konkret fəaliyyəti və nəticələri varmı? Seçki məsələləri ilə bağlı hansı konkret fəaliyyəti var? Əgər bu QHT-lərin fəaliyyəti insanları bir məkanda toplayıb qeybət qırmaqdırsa, donora fakt və sübuta əsaslanmayan hesabatlar yazmaqdırsa, milyonlar xərcləməyə lüzum varmı? Ən çıxılmaz vəziyyətdə qalan müstəqil QHT-lərdir. Müstəqil və obyektiv fəaliyyət göstərən, proseslərə qərəzsiz yanaşan QHT-lərin vəziyyəti çox acınacaqlı olur.
- Çox maraqlıdır bəs müstəqil QHT necə ayaq üstə qalır?
- Bu gün çox az donorlar var ki, bütün proseslərə bitərəf yanaşan QHT-ləri maliyyələşdirməyə can atırlar. Bunların sayı azdır. Birdən-birə kiminsə himayəsi altında yaranan QHT-lər bir il ərzində lazımi maddi-texniki bazaya sahib olur və böyük maliyyə alırlar. Amma 10 ildən çox təcrübəsi olan QHT-lər başqalarının təsiri altına düşmədiyi üçün çətinlik çəkirlər. Bu mənada problemlər var.
- Sizin rəhbərlik etdiyiniz QHT korrupsiya məsələlərini araşdırır. Korrupsiya ilə bağlı xüsusi dövlət qurumu da yaradıldı. Bir QHT korrupsiyanın qarşısını necə ala bilər?
- Bir neçə il bundan öncə Azərbaycanda korrupsiyanın olması faktını heç kəs etiraf etmirdi. Artıq korrupsiya ilə qarşı mübarizə aparmaq üçün konkret qurumlar yaradılıb və müvafiq qanunlar qəbul olunub. Bunun özü inkişafdır. Elə dövlət qurumları var ki, orada korrupsiya yoxdur. ASAN xidmət Azərbaycanda nümunəvi strukturdur.
- Amma yeni yaranıb...
- Yeni yaranıb, ancaq bu faktdır. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tam şəffaf fəaliyyət göstərir. Biz zamanla monitorinqlər keçirib bu qərara gəlmişik.
- Siz monitorinq həyata keçirəndə aşkarladığınız nöqsanlar barədə haraya müraciət ünvanlayırsınız?
- Birinci ictimaiyyətə açıqlayırıq. İstər kommunal xidmətlər, istər təhsillə bağlı, yaxud dövlət proqramının yerinə yetirilməsi ilə bağlı hesabatı mətbu orqanlara veririk. Məqsədimiz şəffaflığın yayılmasında iştirak etməkdir. Media bu prosesdə nə qədər aktiv iştirak etsə dövlət strukturları qanunun tətbiq olunmasında o qədər məsuliyyətlə iştirak edəcək. Alt strukturla bağlı monitorinq aparmışıqsa, bunu daha yuxarı orqanlara təqdim edirik. Təhsillə bağlı hansısa müəssisələrdə monitorinq keçirəndə nəticələr Təhsil Nazirliyinə göndərilir. Bəzi strukturlar var ki, qarşılıqlı əməkdaşlığa meyillidirlər. Vətəndaş cəmiyyətinin nümayəndələrini və jurnalistləri dəvət edib müzakirələr keçirirlər.
Nərgiz