“Ermənilər bizim döyüşçülərin meyitlərinə qarşı insanlığa yaraşmayan ən alçaq hərəkətlər ediblər”
“Ermənilər bizim döyüşçülərin meyitlərinə qarşı insanlığa yaraşmayan ən alçaq hərəkətlər ediblər”
Əhməd Abbasbəyli: “Ermənilərin törətdiyi insanlığa qarşı cinayət və təcavüz Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil edilir”
“KarabakhİNFO.com” e-jurnalının müsahibi "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri, Qarabağ müharibəsi döyüşçüsü Əhməd Abbasbəylidir
-Əhməd müəllim, ilk öncə döyüş yolunuz haqda məlumat vermənizi istərdik. Yəni neçənci illərdə, hansı bölgələrdə döyüşmüsünüz?
- Əgər yadınızdadırsa, o dövrlər vəziyyət çox qarışıq idi. Bir tərəfdən SSRİ-nin dağılma prosesi gedirdi və bunun qarşısını almaq üçün bəzi rus şovinistləri müxtəlif üsullara əl atır, ölkə daxilində olan əlaltıları vasitəsilə qarışıqlıq yaratmaq, təxribatlar törətmək, Azərbaycanı işğal altında saxlamaq cəhdləri edirdilər. Bir yandan ölkə daxilindəki siyasi qüvvələr arasında ciddi gərginlik hökm sürürdü. Hakimiyyət-müxalifət münasibətləri həddən artıq ziddiyyətli idi, iqtidar Moskavanın təsiri altında idi və hələ ki, onların əmrlərini yerinə yetirirdilər. Milli-azadlıq hərəkatının öz daxilində də problemlər var idi və bir tərəfdən də erməni qəsbkarları xaincəsinə öz məkirli planlarını (havadarlarının güclü dəstəyi hesabına) davam etdirirdilər. Amma bütün çətinliklərə baxmayaraq o zaman Azərbaycan xalqı sönməz iradə, qətiyyət, mübarizlik nümayiş etdirirdi. İndi də o günləri yada salanda həqiqətən də qürur hissi keçirirəm ki, minlərlə gənc vətənimiz üçün vuruşmağa, hətta ölməyə hazır idi və buna can atırdı. Elə həmin zamanlar xalq kütlələrinin təzyiqi ilə bu istiqamətdə müəyyən addımlar atılmağa başlandı.
Səhv etmirəmsə 1990-ci ilin sonuna yaxın Azərbaycan Respublikasının o zamanki Prezidentinin əmri ilə Müdafiə Şurası yaradıldı. Mən də digər gənclər kimi Müdafiə Şurasının tərkibinə daxil oldum. Həmin dövrdən etibarən, özünümüdafiə qüvvələrinin yaradılması, onların silahlandırılması, torpaqlarımızın müdafiəsi, ümumiyyətlə Milli ordumuzun yaradılması istiqamətində geniş fəaliyyətə başlanıldı. Müdafiə Şurası Qarabağda və bütün sərhədyanı rayonlarda keçirilən tədbirlərdə iştirak edirdi. Həqiqətəndə o dövrdə xeyli iş görüldü. Lakin haqqında danışdığım müdafiə şurasının fəaliyyəti, onun getdikcə artan nüfuzu, torpaqlarımızın müdafiəsi, ordumuzun yaradılması istiqamətində gördüyü işlər, müsbət dəyişikliklər yuxarıda oturan bəzilərini narahat etməyə başladı, 1991-ci ilin fevral ayında Müdafiə Şurası ləğv edildi. Həmin andan etibarən isə mən və mənim dostlarım “Azərbaycan_Qarabağ Könüllü Müdafiə Batalyonu”-nun tərkibində Şuşa şəhərinə yollandıq. Şuşanın və Laçının işğalından sonra (mən və döyüş dostlarım həmin ağrılı günlərdə orada idik) biz Goranboy –Tər-tər istiqamətində öz fəaliyyətimizi davam etdirməyə başladıq. Gülüstan kəndi və Ağdərə rayonunun işğaldan azad olunması və xain düşmənlərdən təmizlənməsi uğrunda gedən döyüşlərdə iştirak etdik.
-Bir çox şahidlərdən də eşitmişik ki, ermənilər Qarabağ döyüşlərində xüsusi "nayomnik"lərdən istifadə ediblər. Sizin qarşınıza da belələri çıxıbmı?
- Əlbəttə, bu belədir. Əvvəla, bir sıra xarici ölkələrdə yaşayan ermənilər (daha çox Livan, Suriya, Fransa və s.), ikincisi isə beynəlxalq erməni diasporasının maliyyə dəstəyi ilə çoxlu sizin dediyiniz “nayomniklər”- muzdlu döyüşçülər döyüşlərdə iştirak edirdilər. Amma hesab edirəm ki, əsas və həlledici kömək isə Sovet ordusundan gəlirdi. Mən desəm də, deməsəm də, bu artıq sübut edilib ki, (Xocalı hadisəsi, daha sona isə Sovet ordusundan biz tərəfə keçən özbək, türkmən və s. əsgərlərinin ifadələri və s. ), ən həlledici döyüşlərdə məhz Sovet ordusunun qüvvələri iştirak edirdi. Qoy, pafoslu səslənməsin, mən ümumiyyətlə bizim bu döyüşlərdəki müvəqqəti uğursuzluğumuzu məhz bununla izah edirəm.
-Məlumdur ki, ermənilər əksər vaxtlarda müharibə qanunlarını pozublar. Belə "qanun pozuntu"larından misallar gətirmənizi istərdik?
- Dünya çox müharibələr görüb, qalib də olub, məğlub da. Amma normal halda döyüşən tərəflər qanunlara riayət etməyə çalışırlar. Ümumiyyətlə dünya hərb tarixində gözəl bir ənənə var. Xüsusi ilə zabitlər arasında yazılmış və yazılmamış qaydalar var ki, özünə, rütbələrinə, mundirinə və zabit adına hörmət edən mülki insanlara, yaralılara və əsirlərə qarşı qəddarlıq göstərməməlidir. Həmçinin əks tərəfin hərbçilərinin meyitlərinə hörmətlə yanaşılmalıdır. Bütün kin, nifrət və düşmənçilik açıq döyüşdə olmalıdır. Lakin düşmənlərimizin bu prinsiplərə daban-dabana zidd olan mənfur hərəkətlərini sübut edən yüzlərlə faktlar var. Bunun ən birincisi mülki əhaliyə qarşı edilən vəhşiliklərdir ki, bu barədə dəfələrlə danışılıb, canlı şahidlərin ifadələrini eşitmişik. Təkcə Xocalıda ermənilərin törətdikləri insanlıq əleyhinə olan soyqrımı hərəkətləri, tarixdə çox az-az olan faicələrdəndir. Bununla yanaşı digər işğal olunmuş ərazilərimizdə də bu hərəkətlər edilib. Ermənilərin törətdiyi bu cür insanlığa qarşı cinayət və təcavüz cinayətlər Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil edilir. Beynəlxalq Cinayətlərə daxil edilən beynəlxalq terrorçuluqda Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxildir.
Fikrimcə əsirlərə və yaralılara ermənilər tərəfindən göstərilən münasibətlər də mənfur hadisələr sırasındadır.
Lakin ermənilərin bizim döyüşçülərin meyidlərinə qarşı etdikləri hərkətləri isə ümumiyyətlə insanlığa, yaraşmayan ən alçaq hərkətlərdən hesab edirəm. Bu barədə də mətbuatda və ya TV-də xeyli məlumatlar verilib, xeyli danışılıb, şəxsən mən özüm də Daşalatı əməliyyatından sonra onların bəzi iyrənc hərəkətlərini öz gözlərimlə görmüşəm. Amma bu barədə danışmaq istəməzdim. O səhnələri xatırlamaq çox ağırdır.
Bilirsiniz, ermənilər bu vəhşilikləri etməklə sanki bizim aramızda vahimə, xof yaratmağa çalışıblar...,, Düşünürəm ki, ermənilərin törətdiyi bu mənfur, alçaq, rəzil hadisələr kütləvi informasiya vasitələrində ətraflı işıqlandırılaraq daha çox beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılmalı və lazımi hüquqi qiymətini almalıdır.
Bu da bir paradoksdur, bu qədər vəhşiliklərə, qeyri-insani hərəkətlərə kifayət qədər reaksiya verilmir, sanki Dünya kordur, kardır.
- Bu gün hiss edirsinizmi Dağlıq Qarabağla bağlı elə bil ki, əhalidə bir süstlük var...
- Məndə də elə bir hiss var. Sanki bu gün gənclərimizi (əlbəttə ki, hamısnı deyil!) daha çox başqa məsələlər düşündürür. Bunda bizim də, sizin də, hamımızın günahı var. Əslində elə görüntü var ki, kütləvi-informasiya vasitələri, ələlxüsus da TV-lər millətimizin, dövlətimizin başlıca probleminə yer və vaxt ayırırlar, bu sahədə fəaliyyət var. Amma bir az da dərindən araşdıranda, təhlil edəndə, görünür ki, belə deyil, Qarabağa və ümumiyyətlə vətənpərvərlik ruhunda hazırlanan materialların həcmi ilə təkcə şoubiznesə və yaxud mətbəx verilişlərinə və ya primitiv dedi-qodulara (bunların hər birinə ayrı-ayrılıqda dəfələrlə çox yer ayrılır) aid materiallarla, onların reklamına, təsir effektini artırmaq üçün ayrılan vəsitləri müqayisə belə etmək mümkün deyil. Tutaq ki, TV-lərdə ciddi mövzulara həsr edilmiş verilişlər adətən elə vaxtlar verilir ki, demək olar ki, tamaşaçı auditoriyası, təsir effekti minimum olur (bəzi istisnalar olmaqla). Adicə bir toy müğənnisinə, nə istedadı, nə mədəniyyəti, nə də tərbiyəsi olan birisini “sənətçi” adı ilə bu xalqa sırımaq üçün nə qədər dəridən qabıqdan çıxırlar. Amma Milli qəhrəmanlarımız, şəhidlərimiz haqda nə qədər məlumatlar yayılır? Nə qədər acı da olsa, utandırıcı da olsa, demək lazımdır ki, həmin o müğənnilərin birinə ayrılan zaman, qəhrəmanlarımızın hamısına birlikdə ayrılan vaxtdan çox olar. Bir də ki, Qarabağ və ya vətənpərvərlik mövzusu daha çox tarixi və ya əlamətdar günlərdə yada düşür, kompaniya xarakteri daşıyır. Biz hələ başa düşmürük ki, hər şeyi maddiyyatla, pulla ölçmək olmaz. Biz bilməliyik ki, biz unutqan olsaq, tariximizə, şəhidlərimizə laqeyd olsaq, bir millət kimi məhv olarıq. Təbrizi, Xoyu, Ərdəbili, Dərbəndi, Borçalını, İrəvanı, Göyçəni, Zəngəzuru və s. itirdik və bizə unutdururlar.
Amma daxildə bir nikbinlik hissi də var, bu millət Qarabağı, işğal olunmuş torpaqlarımızı unuda bilər? Unutmaq faciə olar!
Fuad Hüseynzadə
KarabakhİNFO.com
Yorumlar 5