Sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası istiqamətində işlər aparılacaq

Sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası istiqamətində işlər aparılacaq
Bugünlərdə ölkə başçısı tərəfindən “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalanıb.
Sərəncamda göstərilir ki, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial müdafiəsinin, o cümlədən onlara göstərilən sosial xidmətin keyfiyyətinin artmasına imkan yaradıb. Burada həmçinin göstərilir ki, sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara göstərilən sosial reabilitasiya xidmətinin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.
Hazırda respublika üzrə 61.966 nəfər
sağlamlıq imkanları məhdud uşaq var
Sərəncamla bağlı nazirlik tərəfindən hansı tədbirlər həyata keçiriləcək? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən qəzetimizə verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il tarixli Fərmanı ilə «Sosial xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqinə başlanılıb. Sosial xidmətlər sahəsində yeni mərhələ açan və bu sahədə görülən işlərin keyfiyyətcə yüksəlməsinə hesablanan bu yeni qanun həm göstərilən sosial xidmətlərin növlərinin, həm də xidmət göstərilən əhali kateqoriyasının əhatə dairəsinin genişlənməsinə səbəb olub. Bununla yanaşı, qanun yeni istiqamət kimi sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsini nəzərdə tutur. Nazirlikdən bildirildi ki, sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayanlara ev şəraitində icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə son illərdə əməkdaşlıq həyata keçirilir və bununla bağlı artıq müsbət təcrübə mövcuddur. Hətta 2012-ci ildə ilk dəfə dövlət sifarişləri əsasında bu işlərin görülməsinə başlanılıb. O da bildirilir ki, ölkə başçısının 9 yanvar 2013-cü il tarixli 2653 nömrəli sərəncamına əsasən, sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə cari dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan ilkin olaraq ayrılan 2 milyon manat vəsait bu sahədə işlərin gücləndirilməsinə imkan yaradır. Belə ki ilk növbədə sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, onlara ev şəraitində icma əsaslı sosial və reabilitasiya əhəmiyyətli xidmətlərin göstərilməsi istiqamətlərində işlər aparılacaq. Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sayına gəldikdə isə bildirildi ki, hazırda respublika üzrə 61.966 nəfər sağlamlıq imkanları məhdud uşaqlar var. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə Heydər Əliyev Fondu və UNİCEF-in təşkilatçılığı ilə «İmkanlara məhdudiyyət yoxdur» təbliğat-təşviqat kampaniyası keçirilirdi. Bu kampaniya ilə bağlı nazirlikdən bildirildi ki, ümumiyyətlə, bu kampaniya Heydər Əliyev Fondunun əlillərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına fəal dəstək verilməsi sahəsində həyata keçirdiyi tədbirlərdən biridir: “Xüsusilə qeyd olunmalıdır ki, Heydər Əliyev Fondunun davamlı dəstəyi ilə nazirliyin 3 və 7 nömrəli internat evlərində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində həmin müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılıb, sağlamlıq imkanları məhdud uşaqların bacarıqlarının inkişafı və hüquqlarının müdafiəsi üçün mühüm işlər görülüb. Yaxud Heydər Əliyev Fondu tərəfindən əlilliyi olan şəxslərin İKT ilə bağlı ehtiyaclarının aradan qaldırılması istiqamətində həyata keçirilən layihə böyük humanizm və xeyirxahlıq nümunəsidir. Bu layihə üzrə Naxçıvanda və Gəncədə gözdən əlil və görmə qabiliyyəti zəif insanlar üçün Regional İnformasiya Mərkəzləri yaradılıb. Bu işlərin uğurlu davamı kimi 7 oktyabr 2012-ci il tarixdə Prezident İlham Əliyevin iştirakı ilə Yevlax şəhərində növbəti belə bir mərkəzin açılışı olub. «İmkanlara məhdudiyyət yoxdur» təbliğat-təşviqat kampaniyası əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara cəmiyyətin diqqətinin gücləndirilməsi, onlara diqqət və qayğının artırılması, həmin insanların cəmiyyətin bərabərhüquqlu üzvləri olaraq malik olduqları imkanların təbliği, onlara qarşı ayrı-seçkiliyin qarşısının alınması, onların cəmiyyətə inteqrasiyası baxımından olduqca dəyərli bir kampaniya olub. Kampaniyanın keçirilməsi üçün paytaxtın əhəmiyyətli yerlərində reklam lövhələri yerləşdirilib, veb-sayt, multimediya diski, bukletlər, lefletlər və stikerlər hazırlanıb”.
Sərəncam Uşaqlara Yardım Fondunun
yaradılmasında baza rolunu oynaya bilər
Ölkə başçısının sərəncamı QHT-lər tərəfindən də rəğbətlə qarşılanır. Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev sərəncamı çox vacib hesab etdiyini bildirdi: “Burada əsas məsələ maliyyənin miqdarında deyil, uşaqlara dəstək göstərilməsi ilə bağlı verilən mesajdır. Bu sərəncam sosial xidmət sahəsində uşaqlara göstərilən xidmətlərin inkişaf etdirilməsinə imkan yarada bilər. Eyni zamanda hesab edirəm ki, bu sərəncam həm də gələcəkdə Uşaqlara Yardım Fondunun yaradılmasında baza rolunu oynaya bilər. Eləcə də sosial xidmət sahəsində sosial sifarişlərin verilməsində də yaxşı imkan yaratmaqla yanaşı, həmçinin sağlamlıq imkanlarında problem olan uşaqlara diqqətin artmasına imkan yarada bilər”. N.Quliyevin sözlərinə görə, əsas məsələ bu prosesin davamlı olmasıdır: “Bu daha çox hüquq pozuntusuna yol verən, zorakılığa məruz qalan, küçə uşaqlarını və dövlət uşaq müəssisələrini tərk edən uşaqları nəzərdə tutur. Belə uşaqlara da dəstək çox vacibdir”.
«Həmin uşaqlara
bir neçə oyuncağın verilməsi, heç də
onların asudə vaxtının səmərəli
keçirilməsi ilə bağlı problemin həlli deyil”
Sosioloq Əhməd Abbasbəyli bildirdi ki, sağlamlığı məhdud uşaqların problemləri istiqamətində son dövrlər işlər görülür: “Məsələn, fiziki qüsurlu uşaqların internat məktəbləri ilə bağlı xeyli işlər görülüb. Biz bir sıra müəssisələrdə olmuşuq, orada təmir, abadlıq işləri aparılıb. Onların yaşayış və təhsil şəraiti çox yaxşılaşdırılıb”. Sosioloqun fikrincə, bununla yanaşı, hələ də bu istiqamətdə bəzi problemlər var: “Bunlar əsasən həmin uşaqların gələcəkdə peşə seçimi ilə bağlıdır, həmçinin valideynlərin imtina etdiyi uşaqların internat məktəbini bitirdikdən sonra yaşayış yerləri ilə təmin olunması ilə bağlı problemlər var. Mənim fikrimcə, ayrılmış vəsait bu istiqamətdə də sərf edilsə, daha yaxşı olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ümumiyyətlə, bütün əlillərin sosial reabilitasiyası, onların sosial problemlərin həlli, bu istiqamətdə dövlət proqramlarının işlənməsi, hazırlanması və yerinə yetirilməsi işlərini həyata keçirməlidir. Ancaq istərdik ki, ayrılan vəsait sırf göstərilən üçün xərclənilsin. Bizim bir ideyamız var ki, bu, uşaqların asudə vaxtının təşkili ilə bağlıdır. Yəni, həmin uşaqlara bir neçə oyuncağın verilməsi, heç də onların asudə vaxtının səmərəli keçirilməsi ilə bağlı problemin həlli deyil. Burada əsasən müasir üsullardan istifadə etmək lazımdır”. Sosioloqun sözlərinə görə, digər tərəfdən əlil uşaqları məktəb yaşlarından gələcəkdə peşə seçiminə istiqamətləndirmək önəmli amildir. Ə.Abbasbəylinin fikrincə, burada uşaqları bir neçə qrupa bölmək olar. Belə ki, fiziki qüsurlu olsalar da, onlar daha çox istedadlı uşaqlar olur. Həmin uşaqları isə müxtəlif incəsənət sahələrinə yönləndirmək olur. Bu mənada birdəfəlik yardımlar, yaxud tədbirlər keçirməklə funksiyanı məhdudlaşdırmaq olmaz. Sosioloq deyir ki, hazırda əlil uşaqlara ayrılan müavinət 55 manatdır: “Bu gün bir qism uşaqlar internat məktəbində yaşayır və onların problemləri təmin olunur. Ancaq ailələrdə yaşayan bir qrup uşaqlar var ki, həmin məbləğlə onların sosial problrmlərinin həlli çətinlik yaradır. Onların problemlərin həlli istiqamətində ölkə başçısının sərəncamını alqışlayıram. İstərdim ki, müvafiq strukturlar bu sərəncamın məqsədəmüvafiq şəkildə yerinə yetirilməsində maraqlı olsunlar. Uşaqlara Yardım Fondunun yaradılması ilə bağlı təkliflərə gəldikdə isə mən istərdim ki, həmin fond Prezident yanında yaradılsın”.
Nigar ABDULLAYEVA
Yorumlar 78