“Seçkidən seçkiyə fəallaşmaq müxalifətin ən böyük qüsurudur”
“Seçkidən seçkiyə fəallaşmaq müxalifətin ən böyük qüsurudur”
Əhməd Abbasbəyli: “Etibar Məmmədovun seçkidə iştirak edəcəyi inandırıcı görünmür”
Azərbaycan Milli İstiqlal Partiyasının təşkilat məsələləri üzrə keçmiş katibi, hazırda Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli “Gündəlik Teleqraf”ın suallarını cavablandırıb.
- Rəhbərlik etdiyiniz təşkilat öz fəaliyyətini hansı istiqamətdə qurub?
- Təşkilatımız ölkədə bir neçə sahədə mövcud olan problemlərin həllini prioritet sayır və bu istiqamətdə fəaliyyət göstərir. Hazırda ictimaiyyətin diqqətinin bu məsələlərin həllinə cəlb olunmasına çalışırıq. Korrupsiyaya qarşı mübarizə, dövlət strukturlarının fəaliyyətinin səmərəliliyinin artırılması, vətəndaşların, o cümlədən istehlakçı hüquqlarının müdafiəsi kimi sahələr üzrə fəaliyyət göstəririk. Artıq üç ildir ki, biz bu fəaliyyətlə məşğuluq. Eyni zamanda seçki ili yaxınlaşdığı üçün seçicilərin hüquqlarının müdafiəsi, ölkədə demokratik seçki keçirilməsi, şəffaflığın təmin olunması istiqamətində fəaliyyət göstərməyi qarşımıza məqsəd qoymuşuq. Bundan əlavə yeni bir layihə üzərində işləməyə başlamışıq. Bu, kommunal xidmət sektorunda şəffaflığın artırılmasını, bu sahədə vətəndaşların hüquqlarının müdafiəsini, kommunal xidməti həyata keçirən dövlət qurumlarında iş fəaliyyətinin yaxşılaşdırılmasını, səmərəliliyin artırılmasını özündə ehtiva edir. Biz bu fəaliyyətimizlə əslində vətəndaşların ölkədəki ictimai-siyasi proseslərə daha fəal qatılmasına yardımçı oluruq.
- Neçənci illərdə AMİP-in üzvü olmusunuz?
- AMİP yaranan gündən bu partiyanın üzvü olmaq istəsəm də, Qarabağ uğrunda gedən döyüşlər buna mane oldu. Belə ki, mən həmin vaxt döyüşlərdə iştirak edirdim və qanunla hərbi qulluqçular partiya üzvü ola bilməzlər. Ordu sıralarından qayıtdıqdan sonra AMİP-ə daxil olmuşam və 2003-cü ilədək bu partiyada aktiv fəaliyyət göstərmişəm. Partiyada tədricən irəliləmişəm, AMİP Siyasi Şurasının, Mərkəzi Şuranın üzvü seçilmişəm. Ən sonra təşkilat məsələləri üzrə katib olmuşam. Bu post müavin səviyyəsində idi.
- Yenidən siyasi proseslərə qatılmaq haqqında düşünürsünüzmü?
- Hesab edirəm ki, sırf ictimai fəaliyyətlə məşğul olsam, həm cəmiyyət, həm də özüm üçün daha faydalı olar. Mən bu gün ictimai fəaliyyətlə məşğul olmağı, cəmiyyətdəki bəzi qüsurları aradan qaldırmağa yardım etməyi daha faydalı hesab edirəm. Siyasi proseslər isə daha böyük güc, resurs tələb edir. Hesab edirəm ki, mənim gücüm cəmiyyətdəki bəzi qüsurların aradan qaldırılması üçün yetərlidir.
- Vaxtilə ən böyük müxalifət partiyalarından birinin sədr müavini olmuş şəxs kimi bu düşərgənin hazırkı vəziyyətini nə cür qiymətləndirirsiniz?
- Hazırda siyasi proseslərdə süstlük müşahidə olunur. Heç bir siyasi partiyanın siyasi proseslərdə fəal iştirakını müşahidə etmək mümkün deyil. Bu gün siyasi partiyaların fəaliyyəti bəyanatlar verməkdən, aksiyalar keçirməkdən ibarətdir. Zənnimcə, bu da effektsiz mübarizə üsuludur. Müxalifətin ən böyük qüsuru ondadır ki, onlar hər dəfə seçki ərəfəsində fəallaşırlar. Düzdür, bu fəallaşma seçicilərə də təsir edir, seçiciləri də fəallaşdırır, amma ötən müddət ərzində passiv siyasi həyat tərzi keçirib, ancaq seçkiqabağı dövrdə fəallaşmaq məhz seçkidə uğursuzluğa gətirib çıxaran amillərdəndir. Hesab edirəm ki, bütün dövr ərzində fəal olmaq lazımdır. Düzdür, bunun da obyektiv və subyektiv səbəbləri var. Siyasi fəallığın göstərilməsi üçün tələb olunan resurslar, kifayət qədər potensial yoxdur. Amma seçki ərəfəsində fəallaşmaq müxalifətin uğursuzluğunun səbəblərindən biridir. Hesab edirəm ki, 2013-cü ildə keçiriləcək seçki gününə iki-üç ay qalmış fəallaşmaqla uğur qazanmaq çətin olacaq. Digər tərəfdən güman edirəm ki, bu seçki ərəfəsində də vahid namizəd məsələsi ortaya atılacaq. Bu məsələ üzərində hər dəfə çox böyük mübahisələr gedir, qarşıdurmalar yaranır və kifayət qədər enerji sərf olunur. Sonda ortaq məxrəcə gəlinmir. Məlum olur ki, vahid namizədlə bağlı müzakirələr müxalifətin atdığı növbəti səhv addımlardan biridir. Bu düşərgənin ortaq məxrəcə gələ bilməməsi son nəticədə onların seçkidə parçalanmış halda iştirakına gətirib çıxarır. Güman edirəm ki, gələn il də belə olacaq. Bunun simptomları artıq özünü göstərir. Etiraf etmək lazımdır ki, iqtidar və onun namizədi bu gün həm insan, həm də maddi resurs baxımından kifayət qədər güclüdür. Müxalifət çox zəifdir və qısa bir müddət ərzində təmərküzləşib ortaya güclü alternativ qoymaq üçün bu düşərgədən ciddi səylər tələb olunur.
- Qarşıdan gələn prezident seçkisində müxalifət partiyalarının iştirakını nə cür təsnifatlaşdırmaq olar?
- Əminəm ki, müxalifətin adından bir namizəd çıxış etməyəcək. Bu da hakimiyyətin siyasətinə tənqidi yanaşan seçicinin mövqeyində tərəddüdün yaranmasına gətirib çıxaracaq. Nəzəri baxımdan AXCP ilə Müsavatın hansısa bir ortaq məxrəcə gəlmələri mümkündür. Amma onların vahid namizədin müəyyənləşdirilməsinə gedən yolu o qədər çətin, narahat olacaq ki, bu da son nəticədə yaranmış birliyi qeyri-səmimi ittifaqa çevirəcək.
-Bəs AMİP-in seçkidə nə cür iştirakını proqnozlaşdırırsınız?
- Təbii ki, mənim AMİP-in seçkidə nə cür iştirak edəcəyi barədə danışmağa səlahiyyətim çatmır. Digər tərəfdən bütün siyasi partiyalar kimi onların da bəyanatlarını, mövqelərini izləyirəm. Bu gün üçün AMİP-in mövqeyi ya partiyanın özünün namizəd irəli sürməsindən, bu namizədi bir neçə partiyanın dəstəkləməsindən, ya da AMİP-in hansısa digər partiyanın namizədini dəstəkləməsinin mümkünlüyündən ibarətdir. Təəssüf ki, 2003-cü ildə vahid namizəd məsələsində razılığa gəlmək mümkün olmadı. Amma həmin seçkidə müxalifətin uğursuzluğunun nəticəsi vahid namizədin irəli sürülməməsi ilə bağlı deyildi. Seçkinin nəticələri göstərdi ki, hətta vahid namizəd də olsaydı, müxalifət qalib gələ bilməyəcəkdi.
- Bugünlərdə Etibar Məmmədovun gələnilki seçkilərdə namizəd kimi iştirak edə biləcəyinə dair məlumat yayılıb. AMİP liderinin namizəd ola biləcəyini mümkün sayırsınızmı?
- Zənnimcə, bu suala ən dəqiq cavabı Etibar Məmmədovun özü verə bilər. Amma Etibar Məmmədov uzun müddətdir siyasətdən, siyasi proseslərdən kənardır. Onun birdən-birə 2013-cü ildə seçkidə iştirak edəcəyi inandırıcı görünmür. 2013-cü ildə namizəd olmaq istəyən artıq indidən siyasətə qatılmalı və indidən siyasi proseslərdə iştirak etməlidir. Seçkiyə qısa bir müddət qalmış prosesə qatılmaq, namizəd kimi çıxış etmək uğur gətirməyəcək. Etibar Məmmədov namizəd olacaqsa, indidən potensialını səfərbər etməlidir.
- O vaxtkı AMİP-lə indiki AMİP-i müqayisə edəndə nələrin şahidi olursunuz?
- Çox böyük fərqlərin şahidi oluram. AMİP Azərbaycanda təşkilatlanmış və sivil formalı ilk möhtəşəm siyasi partiya idi. Bunu bütün cəmiyyət də, bizim o vaxtkı opponentlərimiz də bilirdilər. Hərdən oturub söhbət edəndə köhnə rəqiblərimiz, bugünkü dostlarımız bunu etiraf edirlər. AMİP bütün siyasi fəaliyyətini çox mütərəqqi və novatorluq üzərində qurulmuş hərəkətlərlə yerinə yetirirdi. O vaxtkı AMİP ölkədə həqiqətən də, demokratiyanın olmasının bariz nümunəsi idi. AMİP bütün siyasi proseslərdə fəal iştirak edirdi, seçkidə çox ciddi iddia ortaya qoyurdu, seçkiyə çox yüksək səviyyədə hazırlaşırdı. Bu, təkzibolunmaz bir faktdır. Sonrakı proseslər isə AMİP-in zəifləməsinə gətirib çıxardı. Amma faktdır ki, AMİP 1992-ci ildən 2003-cü ilədək Azərbaycanın siyasi səhnəsində əsas müxalifət siyasi partiyalarından biri, hətta birincilərdən olub.
- Keçmiş silahdaşlarınızdan kimlərlə əlaqəniz var?
- Təbii ki, AMİP-də dostlarım var və bu dostluğun siyasi münasibətlərə heç bir aidiyyətı yoxdur. Mən AMİP-lə düşmən deyiləm ki... Bu partiyaya hörmətimi yenə də saxlamışam. Partiyanın indiki sədri Yusif Bağırzadə ilə çox yaxşı münasibətim, baş katib Arzuxan Əlizadə ilə dostluğum var. Amma mən desəm ki, bu gün AMİP çox güclüdür, bu, çox qeyri-səmimi olar. Bununla bahəm qeyd edim ki, söhbət təkcə AMİP-dən getmir, bütövlükdə siyasi partiyaların vəziyyəti qənaətbəxş deyil. Hətta uzun illər siyasi elitasından istefaların sayına görə Müsavat Partiyası sonuncu yerdə qərarlaşırdı. Amma son bir neçə ildə Müsavatın da siyasi elitasından kifayət qədər insanlar uzaqlaşıb.
Səxavət Həmid
Yorumlar 1