Şou və seksin təbliğində kimlər maraqlıdır?
Şou və seksin təbliğində kimlər maraqlıdır?

Son illərdə Azərbaycanda kütləvi şoulaşma gedir. Telekanalların və əksər media qurumlarının bu prosesdə “əməyi” danılmazdır. İnsanların diqqəti ciddi mövzulara, problemlərə deyil, ağıl, düşüncə, intellekt tələb etməyən yüngül məsələlərə yönəldilir. Nəticədə cəmiyyət sürətlə bioloji kütləyə çevrilir. İnsanlar elm, təhsil, peşədən çox “lüks” yaşamağı hədəf seçib və bunun üçün də sanki bir yarış gedir. Bəs vəziyyətin belə acınacaqlı hal almasına hansı amillər zəmin yaradır?
ANN.Az mövzu ilə bağlı ekspertlərin rəyini dərc edir.
PSİXOLOQ: “Cəmiyyəti belə idraə etmək daha asandır”
Bu gün Azərbaycanda cəmiyyətin ciddi məsələlərə qarşı biganə davranışının gözlənilən olduğunu deyən psixoloq Taryel Faziloğlu bildirdi ki, ölkədə son 15 ildə cəmiyyətin uğradığı dezinformasiya hücumu insanlarda inamsızlıq, depressiya vəziyyətinin geniş yayılmasına gətirib cıxardı: “İnsanlar artıq heç kimə və heç nəyə inanmır, bəzən gördüyünə belə şübhə ilə yanaşır. Belə vəziyyətdə insanlar həyatla bağlı ciddi baxışlarını itirir və diqqətlərini ancaq fiziki tələbatlara yönəldərək, yaşama instinktinə tabe olurlar. Buna görə də insanın maraq dairəsi maddi tələbatlarının ödənməsi ilə məhdudlaşır. Artıq sosial problemlər və əxlaqi dəyərlər ikinci plana keçir. Bunda maraqlı olan qüvvələr də situasiyadan istifadə edərək vəziyyəti daha da dərinləşdirmək üçün şou proqramlarla və cinsi tələbatlar üzərində ssenariləşdirilmiş filmlərlə insanlara təsir göstərərək onları yönəldirlər. Azad seksi, narkotika və fahişəliyi dolayı yollarla təbliğ edərək insanlar arasındakı münasibətləri cinsi tələbatlar çərçivəsində məhdudlaşdırmağa çalışırlar. Nəticə etibarı ilə cəmiyyət sosial cəmiyyətdən bioloji kütləyə çevrilir. Sosial dəyərlərə malik cəmiyyətin bioloji kütləyə çevrilməsi idarəetməni asanlaşdırır. Bu isə bölgədə hakim olmaq istəyən güclərə daha rahat şəkildə idarə etmək şəraiti yaradır”.
Psixoloqun fikrincə, bəziləri mövcud vəziyyətdən çox güclü şəkildə istifadə etməyə çalışırlar. Bu yolla cox böyük pullar qazanıldığını deyən T.Faziloğlu bildirirki, bu gün ən çox oxunan xəbər və ya izlənən süjet hansısa yüngül həyat keçirən bir müğənninin sevgi macəraları və ya atası bəlli olmayan hamiləliyidir: “Bu xəbərlərin qurulma forması da elədir ki, onları nəinki qınayır, əksinə qəhrəmana çevirir. Belədə oxucu da həm həyatın üzərinə qoyduğu vəzifələri, həm daşıması çətin olan problemləri müəyyən mənada unudur, həm də belə “qəhrəmanların” xəbərlərini oxuduqca, ya da seyr etdikcə onlar kimi yaxşı yaşamaq arzusuna düşür və qarşılığında bütün dəyərlərini satışa çıxarır. Bununla da cəmiyyət dəyərsizləşərək kütləyə çevrilir. Bundan da müəyyən qüvvələr istifadə edərək cəmiyyətdə öz təsirlərini hər zaman qoruyurlar”.
Psixoloqun fikrincə, vəziyyəti dəyişdirmək mümkündür. Onun sözlərinə görə, birinci növbədə dövlət milli əxlaq kodeksini işləməli və bütün təbliğat vasitələrini ona tabe etməlidir: “Azərbaycan xalqının özünəməxsus əxlaq kodeksi burada əsas götürülə bilər. Bu anlamda hazırlanmış əxlaq kodeksi kriteriyalarına uymayan verilişlər bağlanmalı, televiziyalarda mili mənəvi dəyərləri təbliğ edən verilişlər, əxlaq dəyərlərini təbliğ edən maraqlı maarifləndirici bədii əyləncəli proqramlar və bədii filmlər, seriallar verilməlidir. Bundan başqa ölkəyə daxil olan bütün internet qaynaqlarına filtr qoyulmalı, əxlaqa zidd informasiyaların qarşısı alınmalıdir”.
SOSİOLOQ: “9 milyon əhalinin nə qədəri müğənni olar?”
Sosioloq Əhməd Abbasbəyli isə bildirir ki, bioloji kütlə olmamaq üçün insan müstəqil düşünməli, toplumda ideyalara, alternativ fikirlərə şərait və istənilən sahədə seçim imkanı yaradılmalıdır: “Bu gün aparılan təbliğat nəticəsində insanlar daha çox maddiyyata önəm verirlər. Mənim mədəniyyətimizə, gözəl sənətkarlarımıza böyük hörmətim var. Amma təəssüf ki, bu gün televiziyada təqdim olunanlar sənətkarlar deyil, daha çox istedadı, savadı olmayan insanlardır. Hansısa yollarla müəyyən imkanlar əldə edib, himayədarların hesabına televiziyaya çıxırlar, yaxşı imkanlara sahib olurlar və daha çox gündəmdə qalırlar. Məsələn, 15 il bundan əvvəl həmin adamın ağlına gəlmirdi ki, müğənni olsun, ən azından musiqi duyumu, səs lazımdır, ancaq bu gün ona baxılmır. Gənclərimiz bu gün karyeranı düşünür və bu normal bir haldır. Amma təəssüf ki, karyera və inkişafla bağlı qeyri-sağlam üsullardan istifadə edilir. Sağlam rəqabət aparılmalıdır. Başqa yollardan istifadə edilməsi ona gətirib çıxarır ki, gənclərdə inamsızlıq hissi yaranır. İstənilən ölkənin inkişafı rəqabətlə bağlıdır, nə qədər ki, sağlam mübarizə var, ölkə bir o qədər inkişaf edər”.
Sosioloqun fikrincə, bu gün çox savadlı, vətənpərvər, sağlam gənclərimiz olsa da onların özü bu zümrənin içində çaşqın vəziyyətdə qalırlar: “Bu nədən irəli gəlir? Məsələn, televiziyalar əxlaqsız müğənninin evini, dəbdəbəsini və nə yolla qazandığını göstərir. Həmin müğənni də atası bəlli olmayan uşağından danışır, gənclərimiz bundan nə götürəcək? Düşünürlər ki, deməli bu yolla yüksək səviyyədə yaşamaq olar. Ancaq televiziyalar onun bu sərvəti hansı yollarla əldə etdiyini, bəzən isə kreditlə əldə edilən əmlakın sonran əlindən alındığını göstərmirlər. Bu gün hansı televiziya görkəmli akademikləri təbliğ edir? Ancaq şou-biznes, əyri yolla pul qazanmaq təqdim olunur. Bu gün ziyalı, vəzifə sahibi olan insanlar, səviyyəsiz bir müğənniyə 10 min manat verirlər ki, məclisimdə 2 saat oxusun. Dünyada belə bir şey yoxdu. 9 milyon əhalinin nə qədəri müğənni olar? Alimlərimizi, həkimlərimizi, mühəndislərimizi, hərbçilərimizi təbliğ edən heç nə görmürəm. Belə bir fikir formalaşır ki, əgər mətbuat onlardan yazırsa, televiziyada göstərirlərsə, demək bu normaldır. Bəzi kanallarda gec də olsa dəyişikliklər hiss olunur, amma bu hələ yetərli deyil”.
Nigar
ANN.Az
Yorumlar 3