Qırx ildən artıq birlikdə olmanın sirri
Qırx ildən artıq birlikdə olmanın sirri
Bir vaxtlar insanların uzun illər bir ailədə yaşamaları təbii qarşılansa da, son illər bu normalar pozulub.
Bunun səbəbləri isə müxtəlif amillərlə izah edilir. Belə ki, həyat yoldaşını sevənlər kiçik bir sözlə başlayan böyük mübahisələr yaşamaları nəticəsində böyük xəyallarla başlanan evliliyin sonunun gəldiyini düşünürlər. Evlilikdə uzun illər xoşbəxt yaşamış cütlüklərlə bağlı aparılan araşdırmada xoşbəxtliyin qaynağının mərhəmət və qarşılıqlı sevgi, hörmət olduğu ortaya çıxıb. Belə ki, cütlüklər arasında, xüsusilə də davranış tərzi evlilik ömrünü azaltdığı halda, onların bir-birinə qarşı mərhəmət və sevgisi xoşbəxt evliliyin təməl daşları arasında yer alır. Beləliklə, möhkəm ailələrin təməlində əxlaqi dəyərlərlə bərabər, qəbul etmə, ünsiyyət, dinləmə kimi amillər var.
Qadınların hansı xətaları var?
Mübahisələrdə qadınların kişilərə güvənməmələri və yoldaşlarına sıx-sıx zəng edərək "Haradasan?", "Nə edirsən?", "Yanında kim var?", "Məni sevirsənmi?" kimi suallar vermələri təsirli rol oynayır. Xətalardan biri də dava sonunda ailə böyüklərinə zəng vurub ağlayaraq şikayət etməkdir. Eləcə də "Onunla görüş, bununla görüşmə!" kimi qərarlarla çıxış etmək, "Götür bu uşaqları, bütün günü məni bezdirdilər" deyərək yoldaşından qapıdan girər-girməz uşaqlarla maraqlanmasını istəməkdir. Mübahisələrdə kişinin ailəsini pisləmək, davamlı olaraq keçmişi gündəmə gətirmək də xətalar sırasındadır.
Kişilərin xətaları
Bu xətalar sırasında həyat yoldaşı danışarkən başqa tərəfə (televizor, telefon və s.) baxmaq, "Çay gətir", "Uşağın səsini kəs" kimi əmrlərlə xidmət tələb etmək yer alır. Eləcə də kişilərin həyat yoldaşlarıyla söhbət etməməsi də davalara gətirib çıxarır. Bir kişinin evliliyin təməlini möhkəmləndirməsində əsas amillərdən biri həyat yoldaşını dinləməkdə usta olmasıdır. Kişilər tənqid və ya bu cür qəbul etdikləri sözlərə hədsiz həssasdırlar. Hansısa bir işin qadın tərəfindən kişiyə təklif olunması kişidə bacarıqsızlıq duyğusu oyadır. Bu o deməkdir ki, kişidə nə edəcəyini bilmədiyi duyğusunu oyandıran qadın onu anlamır. Xətalar sırasında cəmiyyət içində yoldaşı haqqında "o bilməz" kimi alçaldıcı danışmaq, qadının maaş kartını əlindən almaq, ev işlərində yardım etməmək, hədsiz qısqanclıq da var.
Evin "dirəyi" dünyagörüşüdür?..
Sosioloq Əhməd Abbasbəyli deyir ki, xoşbəxtlik dedikdə ailənin uzunmüddətli, mehriban, səmimi yaşamasına qiymət verilməlidir. Ailənin möhkəmliyinə gəldikdə isə, sosioloqun fikrincə, insanların fərdi keyfiyyətlərindən asılı olan məsələlər var: "Burada isə fərdi keyfiyyətin yüksək olması, dil tapmaqla gələcək ailələrini qoruyub saxlaya bilirlər. Ailənin uzunmüddətli, səmimi, anlaşıqlı şəkildə, sevərək xoşbəxt yaşaması üçün bir sıra amillər var. Burada hər iki şəxsin münasibətlərindən başqa, digər məsələlər də var ki, bu prosesə təsir edir. Məsələn, bizim ölkədə belə bir adət var idi ki, valideynlər övladları ilə birgə yaşayırdılar. İndi ata-ana-gəlin münasibəti davam etmədiyinə görə, bəzi problemlər yaranır. İndi ailələr ayrı yaşamağa üstünlük verirlər. Təəssüf ki, bəzi ailələrdə maliyyə məsələləri də müəyyən söz-söhbətlərin yaranmasına səbəb olur".
O da vurğulandı ki, ailənin iqtisadi durumu aşağı olduqda tədricən narazılıqlar yaranır ki, bu da ailədəkilərin bir-birinə bağlılığını zəiflədir. Təbii ki, bütün çətinliklərə dözümlü cütlüklər var və bunun öhdəsindən gələ bilirlər. Sosioloqun fikrincə, digər məsələ - son vaxtlar geniş yayılmış sonsuzluq problemidir. Uşaq ailənin möhkəmliyi üçün əsas amildir: "Hətta bəzi ailələrdə söz-söhbət olduqda bir-birini uşağın xatirinə bağışlamağa çalışırlar. Ailədə bu bağ olmadıqda məsələ daha da kəskinləşir, soyuqluq yaranır ki, bu da ailənin dağılmasına gətirib çıxara bilər".
Ə.Abbasbəyli bildirdi ki, bundan başqa, mentalitet, dünyagörüşü baxımından uyğun olmayan insanlar ailə quranda sonradan problemlər yaranır:
"Çalışmaq lazımdır ki, dünyagörüşü uyğun gəlsin. Cəmiyyətimizdə müxtəlif dünyagörüşlü insanlar var. Məsələn, həddən artıq müasir, avropasayağı, yaxud şərq mentalitetinə uyğun, islami dəyərlərə, qapalı həyat tərzinə üstünlük verənlər var. Təbii ki, bu insanların eyni yerdə yaşaması böyük problemlərə səbəb ola bilər. Eyni zamanda bəzən şahidi oluruq ki, kifayət qədər iqtisadi baxımdan təminatlı, uşaqları olan ailələr ayrılmaq qərarı verirlər. Çünki onların dünyagörüşləri fərqlidir və müəyyən dövr bir-birini həzm edirlər. Səbr kasası dolanda isə artıq problemlər yaranır".
Sosioloq deyir ki, ailənin möhkəmlənməsi istiqamətində KİV-in rolu olmalıdır. Televiziya və internet resurslarının kifayət qədər auditoriyası var və ailənin möhkəmlənməsi üçün müəyyən dəyərlərin təbliğ olunması lazımdır:
"Təəssüf ki, bu gün bəzi telekanallarda ailə münasibətlərinə zidd olan fikirlər təbliğ olunur. Məsələn, bu gün kiminsə atasız uşaq dünyaya gətirməsi təbliğ olunur, gənc oğlan və qız ondan nə tərbiyə götürə bilər? Bu, birbaşa ailənin möhkəmlənməsinə deyil, dağılmasına səbəb olan təbliğatdır. Onlara baxanda düşünürlər ki, yəqin ki, biz də təkbaşına yaşaya, bu cür həyat tərzi keçirə bilərik, yaxud normal həyat tərzi keçirmək üçün heç də vacib deyil ki, əxlaqi dəyərlərə hörmət edəsən. İnsanlar həyatı boyu müəyyən qadağalar çərçivəsində yaşayırlar və sadəcə o qadağaları elə formada çatdırmalıyıq ki, məqbul sayılsın, zorakı yolla olmasın. Qadın və kişilərin hüquq bərabərliyi var və ailə də qarşılıqlı hörmət əsasında qurulmalıdır. Amma eyni zamanda ailədə anarxiya da hökm sürməməlidir".
Sevgi dörd hissin qarışığıdır, biri olmasa...
Psixoloq Tariyel Faziloğlunun fikrincə, ailədə uzun müddət xoşbəxt yaşamanın sirri qurulan ailənin düzgün təməlinin olmasıdır:
"Ailə mütləq sevgi ilə qurulmalıdır. Amma sevgi çox zaman ehtirasla qarışdırılır. Sevgi özü dörd hissin qarışığından və ardıcıllığından ibarət bir hisslər xəlitəsidir. Buna görə də bu ardıcıllığı gözləmək, səbrlə yanaşmaq lazımdır. Belə ki, iki insanın arasında sevgi yaranması ilk olaraq qarşılıqlı cəzbetmə ilə başlayır, yəni bir-birlərinə ehtiras duyurlar. Bu hissin təsiri altında onlar bir-birlərinə yaxın olmağa və tanımağa başlayırlar. Həmin cütlüyün ailə qurub-qurmaması burada müəyyən olur. Çünki cəzbetmə öz yerini qarşılıqlı inama verərək özü ikinci planda qalır. Qarşılıqlı münasibət bu dövrə qədəm qoyarsa, gözəl bir ailənin düzgün təməli qoyulur".
Psixoloq deyir ki, ailə qurulduqdan sonra isə cəzbetmə və inama qarşılıqlı hörmət hissi də qoşulur ki, bu da məhz inamdan doğan və ailədə inam qədər möhkəmlədici, bağlayıcı rol oynayan bir hissdir. Onun sözlərinə görə, həmin bu üç hisslə qurulan ailənin daim yaşaması xoşbəxt ailənin sirridir:
"Bu üç hiss isə uzun zaman öz təsirlərini qoruyaraq ailədə yaşlaşan qadın və kişi arasında ən ülvi bir hissi - məhəbbəti yaradırlar ki, bu da sevginin ən ülvi və ən gözəl dövrüdür. Məhəbbət hissi bütün hisslərin ən sonu və ən gözəli, ən kamilidir. Bu hiss xoşbəxt ailənin ən gözəl hədiyyəsi və ən gözəl meyvəsidir. Amma təəssüf ki, bu gün qurulan ailələrin əksəriyyəti qarşılıqlı cəzbetmə dövründə, qarşılıqlı inam hissi yaranmadan qurulur ki, bu cür ailələrin də ömrü uzun olmur. Nəticədə boşanmalar çoxalır, tək valideynlə yaşamağa məcbur olan travmalı uşaqların sayı artır və ailə institutu məhv olur".
Xoşbəxtlik üçün nə lazımdır?
Mütəxəssislərin fikrincə, həyat yoldaşınızı sevdiyinizi və dəyər verdiyinizi sıx-sıx bəlli etmək lazımdır. Arabir özəl hədiyyələr almaq, bir dosta ehtiyacı olduğunda mütləq yanında olmaq, hər zaman vaxt ayırmaq, yoldaşınızla aranızdakı özəl günləri mütləq xatırlamaq, danışarkən onu diqqətlə dinləmək, səmimi olmaq, problemlərini dinləmək, adi şeylər üçün ona bağırıb qəlbini qırmamaq gərəkdir. Eləcə də tənqidiniz varsa, onu sevdiyinizi hiss etdirərək söyləmək, keçmişdəki xətaları gündəmə gətirməmək, gününüzü yoldaşınıza xoş bir söz söyləmədən bitirməmək, bir-birinizi qarşılayarkən şəfqət və sevgiylə təbəssüm etmək vacibdir. Xəta etdiyinizdə yoldaşınızla danışın və üzr istəyin. İş yerinizdəki problemləri evə aparmayın və gündəlik stresi yoldaşınıza yansıtmayın. Beləliklə, həyat yoldaşınızla ən az 40 il daha birlikdə olmanız üçün hələ şansınız var. Bir də, "mən" deyil, "biz" deyin... Haqlı olmaq əvəzinə xoşbəxt olmağı seçin.
Nigar Abdullayeva
Milli.Az