"Gəncliyi xilas etmək cəmiyyətin gələcəyini xilas etməkdir
"Gəncliyi xilas etmək cəmiyyətin gələcəyini xilas etməkdir"
Əhməd Abbasbəyli: "İnsanlar narkomaniyanın ailələri necə dağıtdığını yaxşı bilirlər"- Bu gun, bütün bəşəriyyət narahatdır. Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi çox təhlükəli xarakter və miqyas alıb. Elə bir ölkə yoxdur ki, orada gənclər narkotik maddələrin istifadəsindən əziyyət çəkməsin. Bir sıra ölkələrdə bu problem hətta, cəmiyyətin məhvi səviyyəsində təsirini göstərən faktora çevrilib. Hüquq-mühafizə orqanları nə qədər ciddi mübarizə aparsalar da, dünyanı ağuşuna almış "ağ ölümün" qarşısını tam ala bilmirlər. Əslində bu problemin belə vasitələrlə qarşısının alınması mümkün də deyil. Çünki araşdırmalardan göründüyü kimi narkomaniya təkcə hüquq pozuntusu deyil, müasir cəmiyyətdə sosial mühitin törətdiyi ruhi pozuntudur.
"Rezonans" Gənclərin İctimai Birliyinin sədri Əhməd Abbasbəylinin əməkdaşımıza verdiyi bu müsahibəsində də məhz həmin problemdən bəhs etdik:
- Narkomaniya hər şeydən əvvəl insanların sosial mühitə adaptasiyasında problemlər yaşanmasına şərait yaradır. Bir çox hallarda cəmiyyət tərəfindən qəbul edilməyən insanlar xilas yolunu narkotik maddələrin qəbulunda tapırlar. Onlar narkomana çevrilməklə, sanki dərd-qəmlərini unutmaq, bununla cəmiyyətdən heyif aldıqlarını düşünürlər. Bir qism insanlar sosial-iqtisadi çətinliyə dözməyərək, narkotik maddələrin qanunsuz ticarəti ilə pul əldə etməyə meyllənirlər. Psixoloji araşdırmalar başqa bir maraqlı məqamı da üzə çıxarıb.
- Nəyi?
- İnsanın narkotik maddəyə aludəçiliyinin onun dünya malına kökdən gələn meyli ilə bağlı ola biləcəyini. İnsan hər hansı dünyəvi faktora (məsələn, yaradıcılığa, intim həzzə və ya pula) son dərəcə aludə olanda narkomanlığa qurşana bilir. Narkotik maddənin qəbulu şüuru korlaşdırdığına görə, insan psixoloji olaraq aludə olduğu amilləri bir növ unutmuş kimi olur. Təbii ki, bu elə bir problemdir ki, ciddi öyrənilməsinə, tədqiq olunmasına həmişə ehtiyac var. Bu problemin həllində elektron və yazılı KİV-in rolu çox aktual görünür.
KİV narkotik maddələrin qəbulundan dolayı yaşanan faciələri insanlara dolğun çatdıra bilsə, bir çoxlarının həyatını bu bəladan xilas etmək mümkündür. Ona görə də, KİV-lər vaxtaşırı olaraq narkomaniyanın psixologiyası, vurduğu zərbələr, dağıtdığı ailələr, məhv etdiyi insan həyatı haqqında təsirli informasiyalar hazırlayıb verməli və bu gün həmin istiqamətdəki işləri bir qədər də gücləndirmək, miqyasını genişləndirmək gərəkdir. Ona görə də, KİV-in narkotik maddələrin qanunsuz dövriyyəsinə aid vəzifələrini müzakirə etməyin mənası vardır.
- Narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, ticarəti barədə nə deyə bilərsiniz?
- Narkotik maddələrin qeyri-qanuni ticarətinin artıq bütün dünyanı bürüdüyü bir şəraitdə dünya KİV-lərinin də birləşməsinə ehtiyac yaranıb. Dünyanın bütün mətbuat orqanlarının bununla bağlı hər hansı ortaq proqramının olması müsbət olar və onlar bir-biri ilə narkobizneslə bağlı informasiya mübadiləsi şəbəkəsi qura bilərlər. Həmin şəbəkə vasitəsi ilə narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə bağlı informasiyaları bir-birinə ötürərək, "ağ ölümə" qarşı mübarizəyə də töhfə vermiş olarlar. Və yaxud narkomaniyanın törətdiyi faciələri əks etdirən məlumatların, video görüntülərin sistemli şəkildə dünyaya yayılmasının müsbət psixoloji təsiri ola bilərdi. Məsələn, saytlara yerləşdirilmiş bəzi kadrlarda uşaqların necə narkoman edildiyi əks olunub, Rusiyada iki uşağa həddən çox narkotik maddə verib, necə öldürdüklərini əks etdirən kadrlar yerləşdirilib. Narkotik maddənin qanunsuz ticarətinə də sakit baxmaq mümkün deyil. Onu edənlərin bəşəriyyətə qarşı cinayət işlətdiyinə şübhə yoxdur. Belə kadrlara baxan insanın narkobiznesə avtomatik olaraq nifrəti yaranır.
- Bəs sahədə Azərbaycanda vəziyyət necədir?
- Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı cəmiyyətdə ciddi müqavimət var. Tarixən azərbaycanlılarda narkomanlara qarşı bir dözümsüzlük olsa da, ailədə onları qəbul edirlər. Bu, Azərbaycanda ailəyə münasibətin çox isti olması ilə bağlıdır. Narkomaniyanın ailələri necə dağıtdığını insanlar yaxşı bilirlər. Ona görə də, həmişə bu bəlaya qarşı ayrıca barışmazlıq var.KİV bu mövzuda tez-tez informasiyalar verir, statistik məlumatlar dərc edir. Ancaq Gənclər və İdman Nazirliyinin etiraf etdiyi kimi, gənclərin narkotik maddələrə aludəçiliyini ifadə edən konkret statistik göstəricilər olmalıdır. Bu statistika həmin bəla ilə mübarizədə konkret proqramlar tərtib etməyə imkan verəcək. O baxımdan görüləsi işlər çoxdur. Həmin yöndən də KİV-in bu işdə iştirak dərəcəsi arta bilər. Gəncliyi xilas etmək cəmiyyətin gələcəyini xilas etmək deməkdir.
Bütün dünyada o cümlədən, Azərbaycanda narkomaniya daim diqqət mərkəzindədir və ölkə rəhbərliyi, müvafiq strukturlar bu problemin köklü həllinə nail olmaq üçün öz səylərini göstərirlər.
Lakin bununla yanaşı, bu problem heç də öz həllini tapmamış və narkomaniya bu gün də gündəmdədir. Acınacaqlı hal odur ki, narkomaniyanın qurbanları arasında gənclərin sayı artır və hətta narkomaniyaya qurşanma halları daha erkən yaşlara təsadüf etməyə başlayır.
Məktəblilər arasında aparılmış tədqiqat göstərir ki, 13-14 yaşında uşaqların 40-50%, 16 yaşında isə 70-80% alkoqollu içkiləri dadmağa başlayır, müvafiq olaraq narkotik və digər psixotrop maddələrə isə 13-14 yaşlı uşaqların 2-4%, 16 yaşlı yeniyetmələrin isə 15-30%-i meyl göstərməyə başlayırlar. Bəzi ölkələrdə aparılmış sorğunu nəticəsinə görə 15-17 yaşlı yeniyetmələrin 5 nəfərindən biri heç olmasa bir dəfə narkotik vasitədən istifadə edib. Bizim ölkədə bu rəqəmlər bir az fərqli olsa da, ciddi müdaxilələr olmasa tendensiya, narkotik alverinin inkişafı bizim ölkə üçün də heç də nikbin olmayan nəticələr vəd verir. Tədqiqatlar göstərir ki, yeniyetmələrin əksəriyyəti ətrafın diqqətini cəlb etmək, daha böyük görsənmək, daha cəsarətli, müstəqil təsiri bağışlamaq və öz kommunikabelliyini artırmaq üçün narkotiklərdən istifadə edirlər. Bu səbəbdən də əksəriyyət hallarda yeniyetmələr narkotikləri həmyaşıdlarının toplaşdığı yerə getməzdən əvvəl və ya birbaşa müxtəlif gənclər tədbirlərinin, "gecələrin" keçirildiyi yerlərdə (klublar, diskotekalar, barlar və s.) qəbul edirlər.
- Gənclərin narkomaniyaya qurşanmasında ətraf mühitin də rolu böyükdür...
- Bəli, doğrudur. Narkotikiyə aludəçilik onların təhsildən yayınmasına, ictimai həyatdan kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.
Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, gənclərin narkomaniyaya qurşanmasına bir çox hallarda narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslər səbəb olur. Belə ki, həmin şəxslər hədə-qorxu gəlmə və müxtəlif şirnikdirici vədlər verməklə gənclərin narkotik və psixotrop maddələrdən istifadə etməsinə nail olur və bununla da həmin gəncin həyatını zəhərləmiş olurlar. Gənclərin narkomaniyaya qurşanmasına digər bir səbəb isə onların narkotik vasitələrə əyləncə vasitəsi kimi baxmasıdır. Narkotikadan cəmi bir dəfə istifadə etmək narkomaniyaya yol açmaq deməkdir. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar maarifləndirmə işinin artırılmasına baxmayaraq bu sahədə çatışmazlıqların mövcudluğu meydana çıxır. Narkotik vasitələr və prekursorlar barədə geniş təbliğat işinin aparılmasının vaxtı çoxdan çatıb. Təbliğatın kütləvi aksiyalarla aparılması, orta və ali təhsil müəssisələrinin təbliğat materialları ilə təmin edilməsi, şagird və tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırmaq, kütləvi informasiya vasitələrində geniş informasiyaların verilməsi, narkomaniyaya həssas təbəqə olan gənclərlə treninqlərin keçirilməsi, narkomaniyaya qurşanmış şəxslərin adlarının geniş ictimaiyyətə açıqlanması, narkomaniyanın törətdiyi fəsadları özündə əks etdirən internet saytların yaradılması və bütün saytlarda bu barədə məlumatların verilməsi, kütləvi şəkildə anti-narkotik proqramlarına qoşulmaq narkomaniya ilə bağlı müsbət yönümdə müəyyən dəyişikliklərə səbəb ola bilər.
Mürtəza Bünyadlı
Bu yazı Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə "Rezonans" Gənclərin İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir.
Yorumlar 218