Qara Dəniz ölkələri QHT-lərinin Şəbəkəsi yaradılacaq
Qara Dəniz ölkələri QHT-lərinin Şəbəkəsi yaradılacaq
Bölmə: SİYASƏT
12 İyul 2012 18:24
Azərbaycan, Rumıniya, Ukrayna, Gürcüstan və Moldova fəaliyyət göstərən QHT-lərlə ilkin razılaşmalar əldə olunub
Bu gün Marşal Fondu Qara Dəniz Əməkdaşlıq Təşkilatın maliyyə dəstəyi, QHT-lərin Korrupsiyaya Qarşı Mübarizə və Açıq Hökumət Şəbəkəsinin texniki dəstəyi ilə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin həyata keçirdiyi “Korrupsiya əleyhinə mübarizə: üçün yeni ideyalar, yeni yanaşma və yeni qüvvələr!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, tədbirdə QHT və jurnalistlərlə yanaşı, Respublika Baş Prokurorluğu, Vergilər Nazirliyi, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası və digər dövlət qurumlarının, BMT, USAİD, ATƏT, “Kontrapart-İnternatiol", İREX və digər beynəlxalq təşkilatların, o cümlədən xarici ölkə səfirliklərinin nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan təşkilatın rəhbəri Əhməd N. Abbasbəyli layihə haqqında, bu günə qədər əldə edilmiş uğurlar və qarşıda duran vəzifələrdən danışıb. O, layihə çərçivəsində keçirilən beynəlxalq konfransın xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib. Sonra konfransın gündəliyinə uyğun olaraq “Freeedom House” təşkilatını rəhbəri (Buxarest, Rumıniya) Guseth Cristina Adriana, "Avropa Birliyinin Antikorrupsion təcrübəsi" mövzusunda, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev "Azərbaycanda korrupsiyaya qarşı mübarizə: mövcud vəziyyət və perspektivlər" mövzusunda, “Junior Achievement Georgia” Təşkilatının rəhbəri (Tbilisi, Gürcüstan), iqtisad elmlər doktoru Eka Geqeşidze "Korrupsiya problemi və Gürcüstan" mövzusunda, "Şəffaflıq Azərbaycan” təşkilatının İcraçı direktoru Rəna Səfərəliyeva "Ölkədə şəffaflılığın yaradılması sahəsində "Transparency İntenational Azerbaijan" təşkilatının fəaliyyəti barədə" mövzusunda məruzələr ediblər. Tədbirdə hər bir məruzə üzrə ayrı-ayrılıqda müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, konfransın və ümumilikdə layihənin nəticəsi olaraq Qara Dəniz ölkələri QHT-lərinin Şəbəkəsinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə artıq xeyli işlər görülmüş 5 ölkədə (Azərbaycan, Rumıniya, Ukrayna, Gürcüstan, Moldova ) fəaliyyət göstərən QHT-lərlə ilkin razılaşmalar əldə olunub. Gələcəkdə digər ölkələrin, o cümlədən Türkiyənin vətəndaş cəmiyyəti institutları da bu prosesə cəlb ediləcək.
Yorumlar 7