Keçmiş hərbi qulluqçuların sosial təminatı üzrə proqram layihəsi hazırlanıb
Görüşün birinci günündə artıq icra edilmiş ictimai-siyasi layihələr müzakirə olunur. Çərşənbə günü iqtisadi layihələrə baxılacaq.
Açıq Cəmiyyət İnstitutunun əməkdaşı Rövşən Bağırov bu proqramın bir neçə ildir ki, həyata keçirildiyini bildirib.
Vətəndaş cəmiyyəti fəalı Əhməd Abbasbəyli icra etmiş olduqları “Ehtiyatda olan hərbiçilərin, müharibə iştirakçılarının reabilitasiyası və mülki cəmiyyətə uyğunlaşdırılması ilə bağlı vəziyyətin öyrənilməsi və bu sahədə islahatların aparılması üçün təkliflər” layihəsi barədə məlumat verib.
Natiq bu layihəni icra edə bilmək üçün postsovet ölkələrinin, eləcə də Avropa ölkələrinin təcrübəsilə tanış olduqlarını deyib. Bu sahədə gerçək durumu öyrənmək üçün təsadüfi seçmə üsulu ilə sorğu da keçirilib. Bundan əlavə, hərbiçi ailələri ilə birgə tədbirlər icra olunub. Sorğunun nəticələri göstərib ki, keçmiş hərbiçilər və ailələri ən çox bu sahədəki qanunvericilikdə olan boşluqlardan əziyyət çəkirlər.
Belə ki, həmin boşluq hərbçilərin sosial hüquqlarının müdafiəsinə etibarlı təminat yaratmır. Digər tərəfdən isə sorğuda iştirak edən hərbiçilər özləri onlara münasibətin bir neçə il öncə daha yaxşı olduğunu nəzərə çatdırıblar.
Sorğunun nəticəsinə əsaslanan layihə müəllifləri bu sahədə durumu müsbətə doğru dəyişmək üçün 2012-15-ci illərdə hərbiçilərin sosial hüquqlarının təminatı üçün dövlət proqramı adlı təkliflər layihəsi hazırlayıblar. Layihənin hazırlanmasında hərbiyönümlü ictimai təşkilatlarla fikir mübadiləsi, müzakirələr və məsləhətləşmələr aparılıb.
Ümumi razılıq yarandığı halda adı çəkilən təkliflər layihəsinin Azərbaycan Parlamentinə təqdim olunması da nəzərdə tutulur.