
Bakı, 20 iyun, AZƏRTAC
Qafqaz dünyanın həm coğrafi, həm etnoqrafik, həm də siyasi mənada ən zəngin, rəngarəng və eyni zamanda, ziddiyyətli bölgələrindən biridir. Asiya və Avropanın sərhədində yerləşən bu regionda hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, tarix boyu yan-yana yaşayan və yadelli işğalçıların mütəmadi hücumlarına məruz qalan Qafqaz xalqları bir-birindən dəstək gözləyir, ümumi düşmənlərə qarşı vuruşurdular. Onu da iddia etmək olar ki, taleyin amansız sınaqlarına məruz qalan Qafqaz xalqları çoxsaylı işğalçılara qarşı birgə mübarizədə qarşılıqlı dəstək sayəsində öz fiziki varlıqlarını və orijinal mədəniyyətlərini qoruyub saxlaya bildilər.
Məşhur yazıçı Rəsul Qəmzətovun sözləri ilə ifadə etsək deyə bilərik ki, hər bir qafqazlının öz Qafqazı var. Qafqaz kimliyini Qafqaz xalqlarının, ümumən qafqazlıların hansısa ümumiləşdirilmiş, eyniləşdirilmiş obrazı şəklində təsvir etmək son dərəcə çətindir, həm də faydasız görünür. Qafqaz xalqlarının mədəni-tarixi fərqliliyi nəzərə alınmaqla ümumi maraqlara xidmət edən müttəfiqliyin, birliyin qurulması, xüsusilə xarici müdaxilələrə, çətinliklərə qarşı birgə müqavimət naminə birləşmək ideyaları zaman-zaman pozitiv ictimai şüur kimi müzakirə olunub və dövrün aydınları, liderləri tərəfindən həlli yolları axtarılıb. Bu təşəbbüslərdən biri də “Qafqaz evi” ideyasıdır.
https://azertag.az/xeber/qafqaz_evi_ideyasinin_reallasmasi_uchun_tarixi_furset_tehlil-3061626