Sana şəhəri bombalandı
Sana şəhəri bombalandı
Səüdiyyə Ərəbistanı Yəmən paytaxtına yenə bomba zərbələri endirib
Səüdiyyə Ərəbistanı başda olmaqla koalisiyanın hərbi aviasiyası ötən gecə Yəmən paytaxtı Sana şəhərinə havadan yenidən bomba zərbəsi endirib.
ANS PRESS-in məlumatına görə, Sana şəhərini ələ keçirmiş husi üsyançılarına qarşı 11 gündür davam edən hərbi əməliyyat növbəti bombardmanla yadda qalıb.
Rusiya və Qırmızı Xaçın şəhərə dava-dərman və humanitar yardımın çatdırılmasına şərait yaratmaq üçün hərbi əməliyyatlara fasilə vermək çağırışlarına baxmayaraq, Səüdiyyə Ərəbistanı hava reydlərini davam etdirib.
Fasilənin elan edilməsi şəhərdən mülki əhalinin bir hissəsinin evakuasiya olunmasına da imkan vermiş olardı. Sana sakinlərinin verdiyi xəbərlərə görə ötən gecə partlayışlar üsyançı husilərə loyallıq nümayiş etdirmiş ordu hissələrinin hərbi bazaları yaxınlığında da eşidilib.
Hava zərbələri eləcə də Yəmənin Səüdiyyə Ərəbistanla həmsərhəd rayonlarına da endirilib. Ölkənin şərqində yerləşən Mukalla liman şəhərində yerli tayfaların silahlıları ilə hərbçilər arasında toqquşma baş verib. Yerli əhalinin sözlərinə görə, 2 hərbi qulluqçu öldürülüb. (anspress)