Cəza siyasətinin humanistləşdirilməsi cəmiyyətdə müsbət qarşılanır
Cəza siyasətinin humanistləşdirilməsi cəmiyyətdə müsbət qarşılanır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam ölkə ictimaiyyəti tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əhməd Abbasbəyli sərəncamın irəli sürdüyü tələblər, eləcə də ölkəmizdə penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi sahəsində qarşıda duran vəzifələr barədə əməkdaşımız ilə söhbətində bunları demişdir:
– Əvvəla, qeyd etmək istəyirəm ki, son illər Azərbaycanda böyük uğurla genişmiqyaslı hüquqi islahatlar həyata keçirilir. Cənab Prezidentin imzaladığı son sərəncam penitensiar xidmətin, bütövlükdə, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulması istiqamətində atılmış böyük əhəmiyyət kəsb edən addımdır. Burada həm dövlətin, həm cəmiyyətin, həm də fərdin maraqları nəzərə alınıb.
Böyük qürur hissi ilə deyirəm: Sərəncam müdrik dövlət başçısı İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür. İnanıram ki, bu mühüm sənəd ölkəmizdə sistemli şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının növbəti uğurlu səhifəsidir. Bu, penitensiar xidmət sahəsində şəffaflığın artmasına, korrupsiya hallarının azalmasına müsbət təsir göstərəcək.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun haqlı olaraq qeyd etdiyi kimi, sərəncamın əsas məqsədlərindən biri cinayət törətmiş şəxsləri cəmiyyətdən təcrid etmədən islah olunmasını təmin etmək üçün zəruri şəraitin yaradılmasıdır. Məhz bu məqsədə nail olmaq üçün ixtisaslaşdırılmış yeni qurumun – Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılmasına qərar verilib.
Məlumat üçün bildirim ki, bu xidmət şərti məhkumetmə zamanı məhkumun hökmlə müəyyən olunmuş şərtlərə riayət etməsini nəzarətdə saxlayacaq, habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edəcək.
Sərəncamda yer alan bir sıra müddəalar xeyli vaxt idi ki, cəmiyyətdə geniş müzakirə olunurdu. Probasiya xidməti ilə əlaqədar müzakirələr xüsusilə mütəmadi xarakter daşıyırdı. Bir sıra Avropa ölkələrində, eləcə də qonşu Gürcüstanda Probasiya xidməti bir neçə ildir ki, fəaliyyət göstərir. Bizdə də belə bir qurumun yaradılmasına ehtiyac var idi. Bir təcrübəli hüquqşünas kimi, ölkəmizdə Probasiya xidmətinin yaradılmasını ürəkdən alqışlayıram. Fikrimcə, sağlam düşüncəli hər bir ölkə vətəndaşı bunu müsbət addım kimi dəyərləndirməlidir və dəyərləndirir də!
Bu gün ölkəmizin cəzaçəkmə müəssisələrində məhkumların bir hissəsi ictimai faydalı əməyə cəlb olunub. Amma məhkumların hamısını ictimai faydalı əməyə cəlb etmək mümkün deyil. Həqiqət naminə demək lazımdır ki, Ədliyyə Nazirliyi bu istiqamətdə xeyli iş görüb. Bəllidir ki, cəzaçəkmə müəssisələrində məhkumların ictimai faydalı əməklə məşğul olmamaları yeni fəsadlara yol aça bilər.
Sərəncamı zəruri edən səbəblər çoxdur. Onlardan bir neçəsini qeyd etmək istəyirəm. Sirr deyil ki, hazırda məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti tam təmin olunmur, ictimai işlər cəzasının tətbiqi əksər hallarda formal xarakter daşıyır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir.
Etiraf edək ki, bəzən ibtidai istintaq və məhkəmə orqanları zərurət olmadan şəxslərin həbs olunmasına yol verir, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal yanaşılır.
Bundan başqa, böyük təhlükə törətməyən, az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbiri geniş tətbiq olunur, həmin cinayətlərə görə həbslərin dinamikası artır, məhkumların sayı çoxalır, penitensiar müəssisələr yüklənir.
Təsəvvür edin ki, 18-20 yaşlı bir gənc xırda bir cinayət üstündə həbs olunaraq, azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müəssisəsində ağır cinayətlər törətmiş məhkumların əhatəsində olması, əlbəttə, xarakterinə, psixikasına mənfi təsir göstərir. Alternativ cəzaların tətbiqi isə daha humanist islah yolu üçün imkanlar açır. Fikrimcə, sərəncamın əsas qayəsi budur ki, cəza siyasətində azadlığın sərhədləri daha da genişlənsin. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər üzrə həbs qətimkan tədbirləri yalnız müstəsna hallarda tətbiq olunsun.
Sərəncamdan irəli gələn, qarşıda duran vəzifələr çoxdur. Probasiya xidmətinin yaranması ilə bağlı ölkəmizdə çox ciddi işlər görülməlidir. Bu sahə Azərbaycanda yeni sahədir. İndi əsas vəzifələrdən biri Probasiya xidməti ilə bağlı cəmiyyətdə geniş maarifləndirmə işlərinin aparılmasıdır.
Bir məqamı da vurğulamaq istəyirəm. Azərbaycanda məhkəmə-hüquqi-siyasi sahəsində həyata keçirilən islahatlar ölkə vətəndaşlarının hüquq-mühafizə orqanlarına inamını daha da artıracaq. Cəza siyasətinin humanistləşdirilməsi cinayətkarlığın da xeyli dərəcədə azalmasına səbəb olacaq.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”