milli.az Naməlum obyektlər, digər planetdə olan yaşayış...
Naməlum obyektlər, digər planetdə olan yaşayış...
01 MAY 2012 [02:00] - MİLLİ.AZ
Son vaxtlar kitab oxucularının sayı ilə yanaşı, müxtəlif janrlarda yazılan əsərlərin sayında da azalma hiss olunur.
Bəziləri bunu artıq maraq doğuran əsərlərin olmaması, bəziləri elektron mütaliəyə meylin artması, eləcə də kitabların baha qiymətə satışı kimi amillərlə əlaqələndirirlər. Amma oxucu sayında azalma olsa da, müxtəlif dövrlərdə hər janrın öz oxucusu olub. Kitab həvəskarlarının meyl etdikləri janrlar içərisində elmi-fantastika, fentezinin hər zaman öz yeri olub. Bəs bu gün adıçəkilən janrlarda yazan yazarlarımız varmı, onların oxucu kütləsi, populyarlığı hansı səviyyədədir?Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu bildirdi ki, bizdə elmi-fantastik janrda yazan Namiq Abdullayev, Emin Mahmudov, Anar, riyaziyyat elmləri doktoru, professor Elmira Zamanova, Çingiz Abdullayev kimi bir neçə tanınmış müəllifin adını qeyd etmək olar: “Lakin təəssüf ki, bu gün həmin janrda yazan müəlliflərin bəziləri artıq həyatda yoxdur. Bu janrda öz əsərləri ilə tanınan E.Mahmudov isə ailə vəziyyəti ilə bağlı hazırda Amerikada yaşayır”.
Ümumiyyətlə, elmi fantastikaya aid əsərlərin bizə Avropadan gəlmə olduğunu bildirən Ə.Əsgəroğlu deyir ki, ölkəmizdə son zamanlar bu janrda yazanlara o qədər rast gəlmək mümkün deyil: “Oxucu həmişə elmi fantastikaya meyllidir. Əgər bu fantastika elmə, məntiqə söykənirsə, ona maraq göstərən də çox olur. Ancaq sırf fentezi janrına gəldikdə, nağılvari olduğuna görə, onu sevənlər də ola bilər, çünki əyləncə xarakterlidir. Elmi fantastikada isə oxucu savadlanmağa, sabahı görməyə meylli olur. Fentezidə irəli sürülən utopik fikirlərin nə vaxtsa, özünü doğruldacağı məlum deyil. Amma fakt göstərir ki, elmi-fantastik əsərlərin əksəriyyəti əvvəl-axır özünü doğruldur, gerçəkliyə çevrilir. Bu gün əsərlər yazan gənc yazarlar var, amma inanmıram ki, elmi fantastikaya maraq böyük olsun. Sadəcə, hardasa epizodlar, yanaşmalar ola bilər”.
Fentezi ilə bağlı indi film formasına daha çox üstünlük verilir
Bu gün elmi fantastika janrında yazarların sayının azlığına gəldikdə, Kitab Klubunun direktoru Elxan Rzayev deyir ki, elmi fantastikanın özünəməxsusluğu var, deyilən fikir əsaslandırılmalıdır: “Bu, mövcud fundamental biliklərə zidd olmamalıdır. Elmi-fantastik əsərlərə gəldikdə isə dəqiq elmlərin alimi olmalısınız, məsələn, yüksək səviyyəli fizik, kimyaçı, geoloq olmalısınız. Əks halda, sizin yazdığnız elementar olur və görürsən ki, təbiətin fundamental qanunları ilə ziddiyyət təşkil edir. O zaman sizin əsərə maraq ölür və deyirlər ki, bu, deletantdır. Onu da qeyd edim ki, polyak yazıçısı Stanislav Lemin, bundan başqa, Bakıda doğulan Ayzek Əzimovun çox gözəl elmi-fantastik əsərləri vardı. Bu gün bəlkə də bu istiqamətdə yazarlar olsa da mən tanımıram”.
Fantastika janrında əsasən tarixi mövzuda əsərlər yazıldığını deyən direktorun sözlərinə görə, son zamanlar 13 yaşında bir müəllifin fentezi janrında əsəri vardı: “Həmçinin bu gün tanınmış yazıçı Vahid Məmmədli var və onun həm dedektiv, həm də “Atropatena tarixi” adlı bir fentezisi var. Azərbaycan tarixi ilə əlaqələndirilib, çox maraqlı əsərdir. Natiq Rəsulzadənin, Aleksandr Xakimovun bu istiqamətdə maraqlı əsərləri var. Digər bir müəllif Lalə xanım, ingilis təxəllüsü altında yazır”.
Ümumiyyətlə, fentezi ilə maraqlanan oxucu kütləsinin olduğunu deyən direktorun sözlərinə görə, bununla əsasən gənclər, orta məktəb şagirdləri maraqlanır: “Ancaq ümumən götürdükdə, kitaba maraq çox da yüksək səviyyədə deyil. Bu janra da orta səviyyədə maraq var. Fentezi ilə bağlı xarici yazarların çoxlu kitabları Azərbaycan dilinə tərcümə olunur. Amma uşaqlar indi film formasında buna baxmağı daha çox xoşlayırlar”.
Bu gün nə fantastik əsərlər yazan var, nə də bu janrda xarici əsərlər tərcümə olunur...
Sosioloq Əhməd Abbasbəyli isə deyir ki, son dövrlər ümumiyyətlə, ədəbiyyata marağın, oxucuların sayının azalması faktdır: “Gənc yazarlar, müasir janrlarda əsərlər də var, amma bu kitabların böyük tirajda buraxılmadığını görürük. Oxuyanların bir çoxu elektron mütaliəyə üstünlük verirlər. Gənclərin internetə daha çox maraq göstərməsi bədii ədəbiyyata marağın azalmasına səbəb olub. Biz gənclik dövründə Jül Verndən başlamış, digər tanınmış fantastik yazarları oxuyurduq və onlar o dövr üçün sanki zamanı qabaqlayırdılar. Məsələn, sualtı qayıqlarla, kosmosla bağlı bir sıra məsələlər vardı ki, sonradan həqiqətən də bu əsərlər, həyatda real bir hadisəyə çevrilirdi. Bu mənada o dövrün bir sıra əsərləri idealımıza çevrildiyinə, daha maraqlı mənzərə yaratdığına görə, gənclər onları daha çox oxuyurdular. Bu gün isə fantastikanın başqa sahələri üzrə inkişaf var. Fantastik janra maraq göstərilsə də, filmlər effekt, gözəl səhnələr quraşdırılması baxımından daha maraqlı olur. Bədii kitabı oxuyanda o effekti ala bilmədikləri üçün gənclər daha çox filmlərə üstünlük verirlər”.
Sosioloq təəssüf etdiyini bildirir ki, bu gün ölkəmizdə nə fantastik əsərlər yazan var, nə də bu janrda xarici əsərlər tərcümə olunur: “Əsasən, məhəbbət mövzularında əsərlərə üstünlük verilir. "2012-ci ilin dünyanın sonu" olması ilə bağlı film dünyanın diqqətini cəlb etdi və bir çoxları onun yazılı variantını tapıb oxuyurdular. O dövrdə yazılan fantastik əsərlərin heç biri real həyata uyğun deyildi. Biz onları oxuduğumuz dövrdə artıq onların bir çoxu real həyatda var idi və diqqətimizi ona görə cəlb edirdi ki, həmin müəllif nə qədər uzaqgörən olub ki, bunları hiss edib. Məsələn, “Titanik”in yaranmasından əvvəl iki müəllif - biri alman, digəri isə ingilis müəllif nəhəng gəminin faciəli şəkildə məhv olmasını öz əsərlərində 15-20 il əvvəl qeyd ediblər. Bu, çox maraq doğuran bir faktdır”.
Sosioloq deyir ki, bu gün yerin altı, üstü, kəşf olunmayan adalar, ərazilər kəşf olunub və buna görə insanları naməlum obyektlər, digər planetdə olan yaşayış daha çox maraqlandırır: “Bu, inanılmaz görsənsə də, fantastik yazarlar bunun real olduğunu, ordan gələnlərin, texnikanın inkişafını əvvəldən görürlər. Ola bilər ki, kosmik aparatlar o qədər inkişaf etsin ki, biz başqa ulduz sisteminə keçə bilək, yeni planetlə tanış olaq. Bu gün fantastika kimi görünsə də, ola bilsin 50 ildən sonra bu cür inkişaf olsun, insanlar günəş sistemindən çıxaraq başqa qalaktikaya gedə bilsinlər. İstərdik ki, bu gün bizdə də fentezi janrında yazarlar olsun”.
Fantastika janrında əsərlər yazılmır
“Akademkitab” mağazasının direktoru Əliağa Gəfərovun sözlərinə görə, fentezi janrında maraqla qarşılanan əsərlər olub ki, onların sırasında E.Mahmudovun “Kainat gəmisi” hələ 1950-ci illərdə yazılmışdı: “Bu əsərdə Aya kosmik gəmiylə səyahət edirlər. Çox gözəl idi və sonralar görürük ki, real həyatda bunlar öz əksini tapıb. İkinci kitabı isə “Veneranın göyləri od içindədir” adlanırdı ki, bu da maraqlı əsər idi”.
Direktorun fikrincə, belə yazarlara, əsərlərə indi də ehtiyac var. Oxucuların marağına gəldikdə, Ə.Cəfərov onların belə kitablarla maraqlandığını deyir: “Gəlib bu janrda kitab soruşurlar. Son dövrlər ölkəmizdə, ümumiyyətlə, fantastika janrında əsərlər yazılmır. Xarici əsərlər var ki, rus dilinə tərcümə olunub, onu oxuyurlar. Azərbaycan dilində heç nə yoxdur. Amma tələbat var, yazılarsa, populyarlıq qazana bilər”.
Nigar
Milli.Az