musavat
İqtisadi Tədqiqatlar Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Vətəndaş cəmiyyəti institutlarına effektiv ictimai əlaqələrin qurulması, hesabatlılığın təmin olunması sahəsində yardım” adlı layihəsi çərçivəsində ilk müzakirəni təşkil edib. Tədbir QHT-lərin xarici və yerli donorlar, humanitar təşkilatlar, xarici ölkə səfirlikləri ilə əlaqələri sahəsində problemlərini müəyyənləşdirmək, onların həlli yolları ilə bağlı mümkün perspektivləri müzakirə etmək məqsədi daşıyıb.
Tədbirdə yerli və xarici donor təşkilatların, KİV və QHT təmsilçiləri iştirak edib.
Layihə rəhbəri, İTM İdarə Heyətinin üzvü Dünya Camalova layihənin başlıca məqsədinin effektiv ictimai əlaqələrin qurulması, şəffaflıq və hesabatlılığın təmin olunması sahəsində QHT-lərin bilik və bacarıqlarının artırılması yolu ilə onların institusional inkişafına texniki, metodiki yardım göstərmək olduğunu deyib: “Layihə məqsədinə nail olmaq üçün qarşıya bir sıra vəzifələr qoyulub. Bu tədbirdə məqsədimiz QHT-donor əlaqələrindəki vəziyyəti təhlil etmək, hər iki tərəfi narahat edən problemləri müəyyənləşdirmək və onların həlli məqsədilə təklifləri toplamaqdır”.
D.Camalova deyib ki, növbəti mərhələdə analoji müzakirələr dövlət orqanlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə təşkil ediləcək.
İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu vətəndaş cəmiyyəti institutlarının yerli və xarici donorlarla əlaqələri, bu sahədə mütərəqqi dünya təcrübəsi və onun Azərbaycanda tətbiqi imkanlarından danışıb. Onun verdiyi məlumata görə, əksər ölkələrdə QHT-lərin maliyyələşməsində dövlət, özəl sektor və xarici donorlarla yanaşı üzvlərin könüllü haqları və iqtisadi fəaliyyətdən əldə edilən vəsaitlər də önəmli yer tutur. Azərbaycan QHT-ləri üçün xarakterik olan dövlət maliyyələşdirməsinin ümumi maliyyə mənbələrində xüsusi çəkisi Qərbi Avropa ölkələri ilə müqayisədə xeyli aşağıdır. Qərbi Avropadan fərqli olaraq Azərbaycanda QHT-lərin büdcəsi daha çox donor təşkilatlarının qrantlarından və xeyriyyə fondlarının əvəzsiz yardımlarından əmələ gəlir.
Q.İbadoğlu çıxışında bəzi Avropa ölkələrində geniş tətbiq edilən bir təcrübəyə toxunaraq onun Azərbaycanda tətbiqinin vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verə biləcəyini deyib. Bu, vətəndaşların və özəl sektorun ödədiyi vergilərin 1 faizinin hansısa QHT və ya humanitar təşkilata ayrılması barədə vergi orqanına tapşırıq verilməsidir: “Bu mexanizmin üstünlüyü ondadır ki, QHT-lər daha çox tanınmağa çalışırlar ki, vətəndaşların ayırmalarından daha böyük pay alsınlar”.
Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev Azərbaycanda fəaliyyət göstərən bir sıra donorların məhdud çevrədə olan QHT-lərlə işləməyə üstünlük verdiklərini, bunun isə yeni fəaliyyətə başlayan təşkilatlara ciddi maneə yaratdığını bildirib. “Eko-Aləm” İB-nin rəhbəri Sevil Yüzbaşova bəzi donorların maliyyə ayrılması zamanı QHT-lər arasında ayrı-seçkilik etdiklərini deyib. Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İB-nin sədri Əhməd Abbasbəyli bildirib ki, QHT-donor münasibətlərində üç mühüm problem var. Bunlar şəffaflığın olmaması, qrant müsabiqələrində təklifləri qiymətləndirən ekspertlərin tərəfsizliyinin təmin edilməməsi və QHT-lərin qeyri-peşəkarlığıdır. Bu problemlər arasında ən vacibi isə şəffaflıqla bağlıdır. Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin rəhbəri Mehriban Vəzir partnyorluq məsələsinin müsbət və mənfi cəhətlərinin olduğunu söyləyib. Onun sözlərinə görə, ilk növbədə QHT-lərin iş şəraiti yaxşılaşdırılmalıdır.
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun nümayəndəsi Rövşən Bağırov təmsil etdiyi təşkilatın şəffaflıq məsələsinə böyük önəm verdiyini söylədi: “Biz şəffaflıq məsələsinə daim diqqət ayırırıq. Fondumuz lap əvvəldən açıq qapı siyasəti yürüdüb. Çoxlu tədbirlər keçirir, treninq və proqramlar təşkil edirdik”.