mediaforum
Xəbərlər
“NƏ ÜÇÜN BU EDİLDİ?” İCTİMAİ XADİMLƏR PREZİDENTİ TÜRK BAYRAĞINA HÖRMƏTİ BƏRPA ETMƏYƏ ÇAGIRIR
2009-10-22 - 12:30:00
Bu gün Azərbaycanın bir qrup ictimai xadimi – Sabit Bağırov, Samir İsayev, Rəşid Hacılı, Elxan Mehdiyev, Ruhəngiz Hüseynova, Fuad Süleymanov, Arif Əliyev, Fuad Həsənov, Mehriban Vəzir, İlqar İbrahimoğlu, Məlahət Mürşüdlü, Nəsib Nəsibli, Qubad İbadoğlu, Əhməd Abbasbəyli, Rəşad Hüseynli, Leyla Əliyeva, Hikmət Hacızadə, Əvəz Həsənov, İlqar Məmmədov, Əliməmməd Nuriyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Zeynal Məmmədli, Vahid Qazi, İlqar Həsənli müraciət yayıb.
“Media forum” saytının məlumatına görə, müraciətdə deyilir: “Azərbaycan ziyalıları və bütövlükdə Azərbaycan xalqı son günlər çox biabırçı hadisələrin şahidi oldu. Şəhidlər xiyabanında – türk əsgərinə xatirə abidəsi önündə dalğalanan Türkiyə bayrağı endirildi. Bu həmin əsgər idi ki, öz qanı bahasına 1918-ci ildə daşnak qüvvələri əlindən qan ağlayan Bakını və Azərbaycanı xilas edib”.
İctimai xadimlərin fikrincə, bayrağın endirilməsi çar Rusiyası və sovet dönəmində Azərbaycan-Türkiyə qardaşlığına qoyulan yasağın davamıdır: “Nə üçün bu edildi? Türkiyə hökumətinin son siyasətindənmi narazıyıq? Bunun şanlı türk bayrağına nə dəxli?
Türk bayraqları Azərbaycanda fəaliyyət göstərən türk şirkətləri və təhsil ocaqları önündən də yığışdırıldı. Məgər bu şirkətlər deyilmi Azərbaycana milyardlarla sərmayə, yeni texnologiyalar, müasir iş mədəniyyəti gətirən, minlərlə iş yeri açan? Bəlkə bu təhsil ocaqlarında Azərbaycan uşaq və tələbələri keyfiyyətsiz təhsil alırlar? Onda nədən uşağını bu təhsil qurumlarına saldırmaq minlərlə valideynin arzusudur?
Nə tez unuduldu ki, müstəqil Azərbaycanın bayrağını tanıyan ilk dövlət məhz Türkiyədir. On səkkiz illik müstəqillik dövründə məhz Türkiyə dövləti daim Azərbaycanın yanında olub və hər zaman bizi müdafiə edib! Və edəcək! Heç kimin buna şübhəsi olmasın!”
Müraciəti imzalayanlar prezident İlham Əliyevə üz tutaraq türk bayrağına hörmətin bərpasına çağırır: “Ümid edirik belə əməllərə bir daha yol verilməyəcək”.