bakı xeber Gənc ailələrin sosial müdafiə qanunu
http://www.baki-xeber.com/neü/2009/06/04/read=28599
"Gənc ailələrin sosial müdafiə qanunu" sosioloqların diqqətini cəlb etdi
Əhməd Abbasbəyli: "Daha vacib məsələ qanunun işləməsidir"
"Gənc ailənin sosial müdafiəsi haqqında" qanun layihəsi hazırlanır. Bu barədə Milli Məclisin Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəblinin verdiyi məlumata görə, mənzil təminatı və ipoteka kreditlərinin verilməsində güzəştlərin tətbiqi, işlə təmin olunma və digər məsələlər qanunda ehtiva olunmalıdır. Burada əsas məqsəd gənc ailələrin sosial müdafiəsini təmin etməkdir. Millət vəkili deyib ki, qanun layihəsi komitədə müzakirə edildikdən sonra parlamentin müzakirəsinə təqdim olunacaq. Hadı Rəcəbli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də gənc ailənin sosial müdafiəsilə bağlı proqram hazırladığını deyib. Gənc ailələrin sosial müdafiəsilə bağlı məsələ mətbuatda dəfələrlə müzakirə olunub. Araşdırmalar göstərir ki, gənc ailələrin başlıca problemi mənzil təminatı və işsizliklə bağlıdır. İpoteka proqramınının həyata keçirilməsindən sonra gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı əsas tədbirlərdən biri kimi dövlət büdcəsi hesabına Gənclər Şəhərciyinin salınması nəzərdə tutulsa da, bu hələ rəsmi orqanlarla kommersiya qurumları arasında mübahisə predmeti olaraq qalır. İşlə təminata gəlincə, gənc ailə üzvləri üçün idarə və müəsissələrdə xüsusi kvota nəzərdə tutulmayıb. Ancaq Azərbaycanın qoşulduğu Avropa Sosial Xartiyası və Beynəlxalaq Əmək Təşkilatının Sosial Norma və Normativlər haqqında 102 saylı Konvensiyasından irəli gələn bir sıra tələblər, gənc ailələrin sosial müdafiəsini yaxşılaşdırmaq üçün qanun qəbul olunmadan belə, addımlar atmağa imkan verir. Sosioloq Əhməd Abbasbəyli isə hesab edir ki, qanunun qəbulu təqdirəlayiqdir. Amma daha vacib məsələ qanunun işləməsidir.
Ekspert onu da bildirdi ki, gənc ailənin sosial müdafiəsilə bağlı Avrolpa ölkələrində konkret təcrübə var və onu Azərbaycanda tətbiq etmək mümkündür: "Azərbaycan Konstitusiyasına referendum yolu ilə edilmiş əlavə və dəyişikliklərə görə, Azərbaycan sosial dövlət elan olunub. Yəni vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təşkili dövlətin qarşıya qoyduğu başlıca vəzifədir. Ona görə də bu, Konstitusiyadan irəli gələn bir addımdır. Gənc ailə dedikdə, 30 yaşına qədər olan şəxslərin ailəsi nəzərdə tutulur. Gənc ailələrin sosial müdafiəsinin təmin olunması normal haldır. Problem qanunun işləmə mexanizmində ola bilər.
Sovet dövründə gənc ailələrin sosial müdafiəsini dövlət birbaşa üzərinə götürürdü. Hazırda Skandinaviya ölkələrində də dövlət bu metoddan istifadə edir. Xüsusilə də İsveç və Norveç, digər Avropa dövlətlərindən fərqli olaraq, gənc ailələrə, əlillərə, təqaüdçülərə yüksək qayğı göstərir. Azərbaycanda da həmin təcrübəni tətbiq etmək mümkündür".