bakı xeber soyadlar
http://www.baki-xeber.com/neü/2010/01/13/read=38903
Soyadlar barədə yeni qanun söhbətlərinə etiraz edənlər də az deyil
Əhməd Abbasbəyli: "Onlar buna müqavimət göstərəcək"
Zərdüşt Əlizadə: "Azərbaycan xalqı üçün soyad birinci dərəcəli problem deyil"Aydın Quliyev: "İnsana soyadı seçmək üçün məcburi qanun mexanizmi tətbiq etmək XXI əsrə aid şey deyil"
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyadan yeni xəbər var. Komissiya Prezident Administrasiyasına milli soyad formatının müəyyən edilməsi üçün hazırladığı konsepsiya layihəsi haqda məktub ünvanlayıb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib ki, xüsusi komissiya Azərbaycanda tarixən mövcud olan soyad formaları və adqoyma ənənələrini öyrənərək milli soyad formasını müəyyənləşdirib: "Konsepsiyada "-ov", "-yev", "-zadə" sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur. Mütəxəssislər "lı" "-li", "-lu", "-lü", "-oğlu", "-qızı", "-gil" sonluqlu soyadların sənədlərdə işlədilməsinin daha məqsədəuyğun olduğunu irəli sürüb".
Xüsusi Komissiya AMEA-nın Terminologiya Komissiyasının nəzdində yaradılıb. Komissiyanın sədri akademik, AMEA-nın prezidenti Mahmud Kərimovdur. Akademik, AMEA humanitar və ictimai elmlər bölməsinin akademik-katibi Ağamusa Axundov komissiyanın sədr müavini, filologiya elmləri namizədi, AMEA humanitar və ictimai elmlər bölməsinin elmi katibi Gülarə Əmirova isə komissiyanın katibidir.
Komissiyanın üzvləri bu şəxslərdir: Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, akademik, AMEA-nın vitse-prezidenti Nailə Vəlixanlı, akademik, Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov, akademik, Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyev, müxbir üzv, Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, müxbir üzv, Bakı Dövlət Universitetinin kafedra müdiri Tofiq Hacıyev, akademik, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Teymur Bünyadov, müxbir üzv, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, tarix elmləri doktoru, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri Yusif Seyidov, filologiya elmləri doktoru, Dilçilik İnstitutunun şöbə müdiri Qara Məşədiyev və akademik, Memarlıq və İncəsənət İnstitutunun direktoru Rasim Əfəndiyev.
Bəzi mütəxəssislər isə ad və soyadlarla bağlı xüsusi qanun qəbul edilməsini vacib sayır.
Qanunverici baza yaradılarsa, soyad sonluqlarının dəyişdirilməsi məcburi xarakter daşıyacaq. Buna isə yanaşma fərqlidir.
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycan xalqının soyad məsələsindən daha vacib problemləri var və onunla məşğul olmaq lazımdır: "Mən fikir azadlığının tərəfdarıyam. Kimsə bu təklifi ortaya atırsa, öz haqqından istifadə edir. Amma o adamlar bu hüquqları ilə başqalarının soyad daşımaq hüququnu məhdudlaşdırmamalıdır. Bunu qanun şəklinə salmaq yanlışlıqdır.
Azərbaycanda bu mövzunu öz işinin öhdəsindən gələ bilməyən Milli Məclisin gündəliyinə salmaq Azərbaycan xalqına hörmətsizlikdir. Azərbaycan xalqı üçün birinci dərəcəli problem familiya deyil, Qarabağdır, iqtisadiyyatın inkişafıdır, insan haqlarıdır, dövlət quruculuğudur, qanunların aliliyidir. Bu mənasız məsələni Sabir Rüstəmxanlı ilə Nizami Cəfərov ortaya atıb. Bu da keçənilki qar kimi bir şeydir. Mən "zadə" sonluqlu soyadı daşımağımla fəxr edirəm və onu dəyişmək fikrində deyiləm".
Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəylinin fikrincə, soyadların dəyişdirilməsi Sovet dövründə yetişən nəslə məcburi şamil edilə bilməz. Əks təqdirdə bu, ictimai etirazla qarşılana bilər: "Mənim "bəyli" sonluqlu soyadı daşımağım sübut edir ki, milli soyadların tərəfdarıyam. Ancaq bu, kampaniya xarakteri daşımamamalıdır. Hesab edirəm ki, bu dəyişiklik tədricən aparılmalıdır.
Təcrübə göstərir ki, bir çox ailələrdə yeni doğulan uşaqlara milli sonluqlu soyadlar verilir. Amma artıq həddi-büluğa çatmış uşaqlar, lap elə Sovet dövründə böyümüş və artıq pensiya yaşına çatmış adamlar üçün soyadları dəyişmək çətindir.
Onlar buna müqavimət göstərəcək. Soyadların sonluğunu dəyişib yenisini qəbul etmək həmin insanlara psixoloji problemlər yaradacaq. Təəssüf ki, Sovet dövründə Cənubi Qafqaz respublikalarından yalnız azərbaycanlılar rus sonluqlu soyadlar götürdü. Bu gün də geri qayıtmağa müqavimət göstəririk. Düşünürəm ki, yaşlı nəsildən fərqli olaraq, gənclərə problem olmamalıdır".
Ə.Abbasbəylinin sözlərinə görə, hansı soyad sonluğunu seçməyi yeni dünyaya gələn insanların öz ixtiyarına buraxmaq və bu məsələdə şablondan uzaq olmaq lazımdır: "Mən inanmıram ki, yaşlı nəslin şəxsiyyət vəsiqələri bundan ötrü kütləvi dəyişdiriləcək. Amma yeni dünyaya gələn uşaqların doğum haqqında şəhadətnamələrində və yaxud gənclər ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən soyad sonluqlarından "ov", "yev"i götürürlər".
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev də sözügedən məsələdə insanlara sərbəst seçim hüququ verilməsinin tərəfdarıdır. Baş redaktor bildirdi ki, "Əvvəla, insana soyadı seçmək üçün məcburi qanun mexanizmi tətbiq etmək XXI əsrə aid şey deyil, bunu başa düşmürəm, ikincisi isə yeni qanunvericilik soyadların sonluqlarını saxlamağa könüllü seçim imkanı versə, "yev" sonluğundan imtina etməyəcəm".