Bayrak krizine yanıt
http://www.azerbaycankulder.org/default.aspx?q=16
Bayrak Krizine Yanıt
“BURSA’DA YAPILAN ERMENİSTAN TÜRKİYE MAÇINDAN SONRA AZERBAYCAN’DA ÇIKAN BAYRAK KRİZİ İLE İLGİLİ SON GELİŞMELER KARŞISINDA “AZERBAYCANLI AYDINLAR “ADLI BİR GRUBUN YAYINLADIĞI BİLDİRİ.”
TÜRK BAYRAĞI
Şəhidlər xiyabanında, Türk əsgərinə xatirə abidəsi önündə dalğalanan Türk Bayrağı endirildi. Bu həmin əsgər idi ki, öz qanı bahasına 1918-ci ildə daşnak qüvvələri əlindən qan ağlayan Bakını və Azərbaycanı xilas etmişdir.
Bayrağın endirilməsi sanki daşnakların bu gün qisas almasıdır! Rusiya və Sovet dönəmində Azərbaycan – Türk qardaşlığına yasaq qoyulmasının davamıdır! Nə üçün bu edildi? Türkiyə hökumətinin son siyasətindənmi narazıyıq? Bunun şanlı Türk bayrağına nə daxlı var? Bəlkə qazın qiymətindən narazılıq əsas olub? Məgər bu o dərəcədə ciddi amildir ki, qardaş ölkənin bayrağı endirilsin? Qətiyyən yox!
Türk bayraqları Azərbaycanda fəaliyyət göstərən türk şirkətləri və təhsil ocaqları önündən də yığışdırıldı. Məgər bu şirkətlər deyilmi Azərbaycana milyardlarla sərmayə, yeni texnologiyalar, müasir iş mədəniyyəti gətirən, minlərlə iş yeri açan? Bəlkə bu təhsil ocaqlarında Azərbaycan uşaq və tələbələri keyfiyyətsiz təhsil alırlar? Onda nədən bu təhsil qurumlarına uşağını saldırmaq minlərlə valideynin arzusudur?
Nə tez unuduldu ki, müstəqil Azərbaycanın bayrağını tanıyan ilk dövlət məhz Türkiyə olmuşdur. On səkkiz illik müstəqillik dövründə məhz Türk dövləti Azərbaycanın daima yanında olmuş və hər zaman bizi müdafiə etmişdir! Və edəcəkdir! Heç kimin buna şübhəsi olmasın!
Məgər elə bu günün özündə bizim ən böyük ümid bəslədiyimiz müttəfiqimiz Türkiyə deyilmi? Türkiyə ilə ölkəmiz arasında müəyyən anlaşılmazlıqlar, incikliklər müşahidə olunur! Lakin bu inciklik elə bir amildirmi ki, Türk Bayrağının endirilməsinə haqq qazandırsın?
Biz aşağıda imza edənlər istərdik ki, Türk xalğı əmin olsun ki, bizim qardaşlığımızı heç kim ve heç nə poza bilməz!
Biz, aşağıda imza edənlər, Azərbaycan dövlət başçısı cənab İlham Əliyevə müraciət edərək şanlı Türk Bayrağına hörməti bərpa etməyə çağırırıq. Ümid edirik belə əməllərə bir daha yol verilməyəcək.
YAŞASIN AZƏRBAYCAN – TÜRK BİRLİYİ!
Sabit Bağırov, Samir Isayev, Rəşid Hacılı, Elxan Mehtiyev, Rühəngiz Hüseynova, Fuad Süleymanov, Arif Əliyev, Fuad Həsənov, Mehriban Vəzir, İlqar İbrahimoğlu, Məlahət Mürşüdlü, Nəsib Nəsibli, Qubad İbadoğlu, Əhməd Abbasbəyli, Rəshad Hüseynli, Leyla Əliyeva, Hikmət Hacizadə, Əvəz Həsənov, İlqar Məmmədov, Əliməmməd Nuriyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Zeynal Məmmədli, Vahid Qazi, İlqar Həsənli