ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair bir həftə əvvəl açıqladığı hesabatda Azərbaycanla bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirir. Bu fikri dünən vətəndaş cəmiyyəti institutlarının bir qrup üzvünün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində "ABŞ Dövlət Departamentinin hesabatı vətəndaş cəmiyyəti institutlarının gözü ilə" mövzusunda keçirilən "dəyirmi masada" səslənib ("Turan").
Toplantıda iştirak edən təmsilçilər hesabatda Azərbaycanda insan haqları, vətəndaş cəmiyyəti institutlarının, insanların hüquq və azadlıqlarının, o cümlədən ifadə azadlığının məhdud halda olması, insanların polis orqanlarında işgəncələrə məruz qalmalarına dair əksini tapan faktların gerçək olduğunu təsdiqləyiblər.
"Şəffaflıq" QHT koalisiyasının üzvü Oqtay Gülalıyev iddia etdi ki, hesabat gerçəkliyi əks etdirdiyi üçün son vaxtlar rəsmi Bakının ABŞ-a tənqidi mövqeyi güclənib.
Siyasi və Mülki Hüquqları Müdafiə Cəmiyyətinin sədri Pərviz Həşimli rəsmi Bakını ölkədə avtoritarlığı gücləndirməkdə təqsirləndirdi.
AXCP təmsilçisi Fuad Qəhrəmanlıya görəsə, ölkədə mövcud olan antiinsani şərait Azərbaycan hakimiyyətinin mahiyyətindən irəli gəlir və hazırkı iqtidar dəyişməsə, vətəndaş cəmiyyəti institutlarına basqıların artacağı labüddür. O, iqtidarı demokratiya institutlarına düşmən münasibət bəsləməkdə ittiham edərək, iqtidarın cəmiyyətə feodal münasibətinə müqavimət göstərməyin vacibliyindən söz açdı.
Ahıl Ziyalılar Birliyinin (etiraf edək ki, ad qəribə səslənir) sədri Nəsrullah Nurullayev parlament seçkiləri yaxınlaşdıqca vətəndaş cəmiyyətinə təzyiqlərin artacağı fikrinə gəlib və bu qurumları "koalisiyalar yaratmağa" çağırıb.
İnsan Haqları Regional Mərkəzinin rəhbəri Azad İsgəndərli də vətəndaş cəmiyyəti institutlarının problemlərinin məhz hakimiyyətin siyasətindən qaynaqlandığını iddia edir. Onun saydığına görə, 3 minə yaxın QHT-dən heç 10-15-nin davamlı fəaliyyəti yoxdur.
"Demokratik Seçkilər" Birliyinin sədri Əhməd Abbasbəyli isə QHT-lərin əksəriyyətinin qrant qazanmaq uğrunda savaşdıqlarını, amma nəticə etibarilə layihələrinin vətəndaş cəmiyyəti institutlarının inkişafına kömək göstərmədiyini vurğulayıb. Bu fikirdə deyəsən bir balaca həqiqət var.
|