
“Cəmiyyətin və Vətəndаş Münаsibətlərinin İnkişаfı” İctimаi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Əhaliyə kommunal xidmət sahəsinin idarə edilməsinin təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunmasına yardım proqramı " adlı layihə həyata keçirir. Birliyin rəhbəri Əhməd Abbasbəyli qhtxeber.az-a bildirib ki, layihənin əsas məqsədi ölkənin kommunal xidmət sektorunda müasir təcrübənin tətbiqi, istehlakçılar və təchizatçılar arasında beynəlxalq standartlara müvafiq münasibətlərin yaradılmasına, bu sektorda korrupsiya hallarının azaldılmasına, şəffaflığın artırılmasına yardım göstərilməsidir. Onun sözlərinə görə, layihə hazırda qanunvericilikdə nəzərdə tutulmuş kommunal xidmətlərin göstərilməsi ilə bağlı standartların tədbiqi vəziyyətini, buna riayət olunmadığı təqdirdə təchizatçıların məsuliyyət məsələsinin qanunvericilikdəki əksini, vətəndaşların hüquqlarının qorunması ilə bağlı qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac olduğunu müəyyənləşdirməyə kömək edəcək. Həmçinin, müvafiq dövlət qurumlarının istehlakçı hüquqlarının qorunması sahəsindəki fəaliyyətin səviyyəsi araşdırılacaq, müvafiq təkliflər hazırlanacaq, eyni zamanda bu təkliflərin qəbulu üçün vəkillik və lobbiçilik fəaliyyəti həyata keçiriləcək. Ə.Abasbəyli deyib ki, Azərbaycanda vətəndaşların sosial hüquqlarının pozulması problemi ümumi insan haqları sisteminin ən zəif yeridir: “Demək olar ki, kommunal xidmət sektorunda vətəndaşların hüquqlarının pozulması kütləvi xarakter daşıyır. Belə ki, onlar hər gün, elektrik enerjisi, qaz, su təchizatında fasilələrlə qeyri-müntəzəmliklə, yaşadıqları ərazidə ətraf mühitin çirkləndirilməsi ilə rastlaşırlar. Xidmətlər qeyri-sabit, keyfiyyətsiz surətdə, mövcud standartlara riayət edilməməklə və hətta insanın sağlamlığı üçün ciddi zərər verməklə göstərilir. Məsələn, su evlərə çox vaxt təmizlənməmiş halda verilir və onun tərkibində sağlamlıq üçün təhlükəli mikroelementlər olur. 2008-ci ilin əvvəlindən mənzillərə təmizlənməmiş şəkildə verilən qazdan onlarla vətəndaşın zəhərlənməsi faktları qeydə alınıb. Bundan başqa elektrik enerjisi qəbul olunmuş standartlardan (120- voltdan 170 volta qədər) xeyli az gərginliklə verilir. Bu keyfiyyətdə olan elektrik enerjisi məişət avadanlığını sıradan çıxarır”.
Ə.Abbasbəyli onu da bildirib ki, layihənin həyata keçirilməsi zamanı regional QHT-lər, bələdiyyələr və dövlət strukturları ilə sıx əməkdaşlıq ediləcək.