Ekspress
Bələdiyyə sistemində ciddi problemlər qalır
Sorğu iştirakçılarının çoxu bələdiyyələrin işindən narazıdır
"Yerli Demokratiyaya Dəstək" QHT koalisiyası dünən "Bələdiyyələrdə hesabatlılıq və şəffaflıq üzrə tədqiqat"ın nəticələrilə bağlı mətbuat konfransı keçirib. Mətbuat konfransında tədqiqatın German Marşal Fondunun dəstəyilə həyata keçirildiyi bildirilib.
Layihə sorğu əsasında icra edilib, sorğuya 41 bələdiyyənin fəaliyyətilə bağlı suallar daxil edilib. Sorğu kontingenti kimi prosesə bələdiyyə üzvləri və bələdiyyələr ərazisində yaşayan sakinlər cəlb edilib. Sorğu 1000 nəfər arasında keçirilib.
Layihənin koordinatoru Əhməd Abbasbəyli sorğunun nəticələrinə sakinlərin cavabları ilə bələdiyyə üzvlərinin cavabları arasında ciddi fərqlər olması kimi ümumi dəyərləndirmə verib. Bələdiyyələrin fəaliyyətində şəffaflığın, xalq üçün açıqlığın, korrupsiyaya qarşı mübarizənin səviyyəsinin yetərliliyi barədə bələdiyyə üzvlərinə ünvanlanan suala bu şəxslərin 13%-i birmənalı yaxşı, 37% qismən yaxşı, 18% isə yalnız üzvü olduğu bələdiyyədə yaxşı, qalanlarından xəbərsiz olması cavabı verib. Bələdiyyə üzvlərindən ibarət respondentlərin 70%-i bələdiyyə sənədlərilə xalqın tanışlığının mətbuat, görüşlər, elanlar vasitəsilə baş verdiyini bildiriblər.
Bələdiyyə ərazisindəki sakinlərin qurumda iştirak forması barədə suala cavab verən bələdiyyə üzvlərinin 29%-i sakinlərin yetərincə iştirak etmədiyi, 18% isə qətiyyən iştirak etmədikləri cavabını verib. Bələdiyyə büdcəsinin xərclənməsinin səmərəli olması sualına isə bələdiyyə üzvü olan 44% respondent "daha səmərəli təşkil etmək olardı" cavabı verib.
Bələdiyyələrin xalqa hesabatlılığına gəlincə, respondentlərin 14 %-i bunun sədrdən asılı olması, 13% isə ildə bir dəfə hesabat verdiklərini qeyd ediblər. 30% bələdiyyə üzvü qərarların qəbul edilməsinin sədrin iradəsindən asılı olduğunu deyib. Qərarların qəbul edilməsinə icra hakimiyyətlərinin təsiri sualını cavablandıran bələdiyyə üzvlərinin 26%-i belə məsələləri sədrin həll etdiyi, 13% isə icra hakimiyytətinin razılığı olmadan hər hansı qərarın qəbul olunmadığını deyib.
Bələdiyyələrdə şəffaflığın yaradılmasında dövlət qurumlarının fəaliyyətinə bələdiyyə üzvü olan respondentlərin 21%-i bundan artıq nəsə etməyin mümkün olmaması, 21%-i zəif və yetərli olmaması, 14%-i isə pis və formal xarakterli olması cavabı verib.
Sakin respondentlərin 70%-i bələdiyyələrin fəaliyyətindən razı qalmadıqlarını ifadə ediblər ("Turan"). 42% respondent bələdiyyətinin fəaliyyəti barədə məlumat ala bilmədiyini deyib. 66% respondent bələdiyyələrin fəaliyyətinin şəffaf olmaması, 60% sakinlərin yerli özünüidarədə iştirak etmədiyi, 74% bələdiyyə büdcəsinin səmərəli istifadə olunmadığı mövqeyini bildirib. 1000 nəfərlik respondentin 200 nəfərinin sorğu bülletenlərini qaytarmamasını Ə.Abbasbəyli bu şəxslərin özünüifadədən qorxmasının nəticəsi adlandırıb.
Mətbuat konfransında bu sahədə durumu müsbətə doğru dəyişmək üçün ictimaiyyətin fəallığının artırılması, bələdiyyələrin icra hakimiyyətlərindən asılılığının aradan qaldırılması kimi təkliflər irəli sürülüb.
http://www.ekspress.az