Bələdiyyələrdə hesabatlılıq və şəffaflıq üzrə tədqiqat
Giriş
Bələdiyyələrin səmərəli fəaliyyətinin indikatorlarından biri kimi eyni zamanda onun fəaliyyətində şəffaflığın və hesabatlılığın nə dərəcədə təmin edilməsi çıxış edir. Məhz şəffaflığın və hesabatlılığın səviyyəsi bələdiyyələrdə qərarların hansı şəraitdə verilməsini, bələdiyə büdcəsinin ictimai ehtiyaclara nə dərəcədə uygun xərclənməsini, bələdiyyə-vətəndaş münasibətlərinin səviyyəsini vəs. bu kimi məsələləri müəyyən etməyə imkan verir.
Bələdiyyələrin fəaliyyətinin təhlili göstərir ki, bələdiyyələrin fəaliyyətində şəffaflıq məsələsi hələ də həllini tapmamış qalır. Rəsmi məlumatlara görə, 2009-cu il ərzində bələdiyyələrin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı ciddi qanun pozuntularına yol verilib. Belə ki, qanunsuz torpaq satışı və qanunsuz xərcləmələrə görə 16 milyon manatlıq maliyyə pozuntusu qeydə alınıb. Bələdiyyə sədrlərinin təxminən 20 faizə qədəri vəzifələrinin icrasında müxtəlif inzibati xətalara yol verib. 5071 hektar torpaq sahəsinin satılması, icarəyə və istifadəyə verilməsi haqqında bələdiyyələr qanunsuz qərarlar qəbul edib.
Belə qanunsuzluqlar əvvəlki illərdə də qeydə alınıb və statistika 2008-ci illə müqayisədə bu cür halların sayının artdığını göstərir. Bu kimi faktların baş verməsi isə bələdiyyələrin fəaliyyətində şəffaflıq mexanizmlərinin işlək vəziyyətdə olmamasını göstərir.
Bələdiyyələrin demokratik təsisat kimi fəaliyyət göstərməsi və ölkənin siyasi sistemində çəkisinin gücləndirilməsi üçün onun fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməsi əsas şərtlərindəndir. Bunun təmin edilməsi üçün isə ilkin növbədə bələdiyyələrdə şəffaflq mexanizmlərinin işləməməsinin səbəblərini, ona təsir göstərən faktorları müəyyən etmək və onların aradan qaldırılması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsi zəruridir.