DÜNYANIN «WİKİLEAKS» FIRTINASI
Gözlənildiyi kimi «Wikileaks» əlində olan materialları yayımladı. Amma gözlənildiyinin əksinə, bu məlumatlar elə də böyük dövlət sirrini əhatə etmədi. Əslində daha böyük sirrlərin faş olacağı gözlənilirdi. Ancaq ortaya çıxanlar daha çox dövlət rəhbərlərinin və siyasi xadimlərin dedi-qodularından və qeybətlərindən ibarət oldu. Maraqlı olan Ağ Evin yayınlanan məlumatları təkzib etməməsi, yalnız pisləməsi oldu. Yəni dolayısı ilə Vaşinqton yayımlanan məlumatların doğruluğunu təsdiq etmiş oldu.
Ancaq Ağ Evdən fərqli olaraq Azərbaycan prezidentinin mətbuat xidməti məlumatları yalanladı. Daha doğrusu, məlumatların Azərbaycana aid olan hissəsini. Bu yalanlama bir daha sübut etdi ki, Azərbaycan hakimiyəti cəmiyyətə açıq deyil. Ancaq məlumatların Azərbaycanın İranla və Türkiyə ilə problemlər yaradacığını düşünsək, o zaman bu yalanlamanı daha çox diplomatik gediş kimi dəyərləndirmək gərəkdir.