ABŞ AZƏRBAYCAN PREZİDENTİNİ HƏDƏLƏYƏN GENERALI QARA SİYAHIYA SALD
ABŞ hökuməti insan hüquqlarının pozulmasında təqsirləndirilən iki İran generalına qarşı sanksiya tətbiq edib. Bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadi, İslam İnqilabı Keşikçilər Korpusu (İİKK) Quru Qoşunları komandanının müavini, general Abdulla Ərağiyə ABŞ-a girə bilməz. Qərara görə, hər iki generalın ABŞ-dakı mümkün bank hesabları dondurulur, onlarla iş əlaqəsi qurmaq qadağan edilir.
“İran xalqı ölkənin sıravi vətəndaşlarının hüquqlarını qorumaq əvəzinə rejimin tənqidçilərini susmağa məcbur edən, narazıları cəzalandıran yüksək rütbəli məmurların hərəkətlərindən ciddi əziyyət çəkir” - deyə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Adam Jubin bildirib. Onun sözlərinə görə, sanksiyaların məqsədi sadə iranlıların hökumətin ədalətliliyi uğrunda səylərini dəstəkləməkdir. Ağ Ev İran rəhbərliyinin insan hüquqlarının pozulması ilə bağlı cinayətlərdə iştirakının səviyyəsini göstərir.
Sanksiyaya məruz qalan general H.Firuzabadi avqustda Azərbaycan rəhbərliyini kəskin tənqid edən bəyanat səsləndirmişdi. O, Azərbaycan prezidentini xalqın oyanışını yatırtmaqda ittiham edərək “İlham Əliyev mənim xəbərdarlığıma qulaq asmasa, onu qorxulu tale gözləyir” demişdi. Ancaq hələlik rəsmi Bakı Firuzabadinin adını arzuolunmaz şəxslərin siyahısına salmayıb.
İrandan Azərbaycana qarşı təhdidlərə, informasiya müharibəsinə son qoyulması üçün rəsmi nümayəndə heyətinin Tehrana səfəri də vəziyyəti yaxşılığa doğru dəyişmədi. Qonşu ölkənin bəzi rəsmi və qeyri-rəsmi şəxsləri Azərbaycana qarşı sərsəm bəyanatlarını davam etdirir. Budəfəki sərsəmləmə isə İranın Azərbaycan mətbuatı üzrə analitiki Həsən Behiştipurdan gəlib. O, İranın “Səhər” kanalına verdiyi müsahibəsində İranın media nümayəndəsinin Azərbaycana buraxılmamasına münasibət bildirib. Analitik Bakının öz hərəkətinə düzəliş edəcəyinə ümid etdiyini deyib: “Azərbaycan hökumətinin bu hərəkəti ilk növbədə hökumət daxilində fikir ayrılıqlarının olmasından xəbər verir. Bir tərəfdən, Azərbaycan prezidentinin xüsusi nümayəndəsi olan Əli Həsənov Tehrana səfər edərək İranla media sahəsində əməkdaşlıq sənədi imzalayır, digər tərəfdən isə bu əməkdaşlıq sənədinin imzalanmasından 4 gün sonra İranın media nümayəndəsinə, İranın Radio və Televiziya Təşkilatının Bakı ofisi müdirinə Azərbaycan Respublikasına giriş icazəsi verilmir. Yəni bu əməkdaşlıq sənədində koordinator rolunu oynayacaq şəxsi ölkəyə buraxmırlar. Buradan aydın olur ki, Azərbaycan hökumətinin daxilində Bakının Tehranla əməkdaşlığı ilə bağlı fikir ayrılıqları və ixtilaflar var”.
Rəsmi Bakı ötən həftə ünvanladığımız sorğuya cavabında bildirmişdi ki, İranın təhdidləri növbəti həftə cavablandırılacaq. XİN mətbuat xidmətinə davamlı müraciətlərimizə baxmayaraq təhdidlərlə bağlı hər hansı reaksiya ala bilmədik. Görəsən, İrandakı fars şovinistləri Azərbaycana, onun rəhbərliyinə ünvanlı daha nələr deməlidir ki, rəsmi Bakı onların cavabını versin?
Cavid TURAN