Türkiyə Gürcüstanda üç hidroelektrik stansiyası tikəcək
Batumi. Nizami Məmmədzadə-APA. Batumidə Türkiyə və Gürcüstan energetika nazirləri və eyni zamanda Türkiyənin aparıcı şirkətləri Gürcüstanda üç hidroelektrik stansiyasının tikintisi barədə protokol imzalayıblar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərasimdə protokolu Türkiyə tərəfdən energetika və təbii resurslar naziri Taner Yıldız və Gürcüstanın energetika naziri Aleksandr Xetaquri və Ağaoğlu Qrupunun sədri Əli Ağaoğlu imzalayıblar. Tədbirdə qeyd olunub ki, Ağaoğlu Qrupu Paravan çayı üzərində dörd il müddətinə 277 mln kv.saat gücündə elektrik stansiyası tikəcək.
Taner Yıldız Gürcüstanda enerji sektorunun inkişafı üçün böyük imkanların olduğunu vurğulayıb. "Türkiyə iş adamları hidroelektrik stansiyasının tikintisi prosesinə və istifadə xəttinə əhəmiyyətli investisiya qoymaq istəyirlər."
Gürcüstanın energetika naziri Aleksandr Xetaquri isə qeyd edib ki, Türkiyə Gürcüstanın siyasi tərəfdaşıdır, indi o həm də energetika sahəsində tərəfdaş oldu.
Nazir bildirib ki, hidroelektrik stansiyaların tikintisi gələn il, texniki infrastruktur işləri sona çatdıqdan sonra başlayacaq."
Türk iş adamı Ağaoğlu çıxışında bildirib ki, onun başçılıq etdiyi şirkət fəxr edir ki, Gürcüstanda belə investisiya proyektlərini həyata keçirir.
---