REKTORUN KÖMƏKÇİSİ RÜŞVƏT ÜSTƏ TUTULDU
“Azərbaycan Kooperasiya Universitetinin (AKU) rektoru Eldar Zülfüqarovun Rövşən adlı köməkçisi həbs olunub”. Bu xəbər redaksiyamıza etibarlı mənbədən daxil olub. Xəbərdə deyilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları AKU-da araşdırmalara başlayıblar. Nəticədə bu universitetə rüşvət müqabilində qeyri-qanuni tələbə qəbulu, digər ali təhsil ocaqlarından qanunsuz tələbə köçürmələrinin həyata keçirilməsi üzə çıxıb.
Bu cinayət tərkibli əməllərlə bağlı ilkin olaraq rektor köməkçisi istintaqa cəlb olunub.
Məlumatı dəqiqləşdirmək üçün AKU-ya telefon açdıq. Özünü rektor Eldar Zülfüqarovun köməkçisi kimi təqdim edən Fatimə xanım suallarımıza özünün cavab verə biləcəyini söylədi. Dedi ki, AKU-da hüquq-mühafizə orqanları araşdırma aparmayıb, rektorun digər köməkçisi Rövşən adlı şəxs də saxlanılmayıb. Özünün və digər köməkçinin soyadlarını deməkdən imtina edən Fatimə xanım bir qədər sonra Rövşən adlı köməkçinin redaksiyamızla əlaqə saxlayacağını da bildirdi. Amma günün sonuna kimi Rövşən redaksiyamızla əlaqə saxlamadı.
Redaksiyamıza daxil olan xəbərdə AKU-da Milli Təhlükəsizlik Naziriliyi ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının birgə əməliyyat-istintaq tədbirləri həyata keçirdikləri də bildirilirdi.
İlkin olaraq məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmət rəhbəri Arif Babayev Azərbaycan Kooperasiya Universitetindəki araşdırmalarla bağlı Baş Prokurorluğun mətbuat xidmətinə müraciət etməyimizi məsləhət gördü.
İş gününün sonu olduğundan Baş Prokurorluğun mətbuat xidmətindən məsələyə münasibət öyrənə bilmədik. Növbəti sayımızda Baş Prokurorluğun mövqeyini öyrənməyə çalışacağıq.
Günün sonunda lent.az AKU rektorunun köməkçisinin istintaqa cəlb olunması barədə məlumat yaydı. Həmin məlumatda rektor köməkçisi Rövşən Məmmədovun istintaqa rüşvət maddəsi ilə cəlb olunduğu bildirilir.
Hadisə barədə lent.az-a məlumat verən mənbə rektor köməkçisinin sentyabrın 13-də axşam saatlarında saxlanıldığını bildirib.
Qeyd edək ki, Azərbaycan Kooperasiya Universiteti 1964-cü ildə o zamankı Azərbaycan SSRİ Nazirlər Sovetinin müraciəti əsasında keçmiş SSRİ Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı İdarə Heyətinin qərarı ilə Azərbaycan Kooperativlər İttifaqının (“Azərittifaq”) nəzdində Moskva Kooperativ İnstitutunun “Bakı Tədris Məsləhət Məntəqəsi” kimi (BTMM) yaradılıb. 1969-cu ilin 21 avqustunda BTMM Moskva Kooperasiya İnstitunun Bakı Qiyabi İqtisad Fakültəsinə, 1975-ci ilin yanvarından isə MKİ-nin Bakı filialına çevrilib. O vaxt filialda 2 fakültə və 3 kafedrada 4 ixtisas üzrə ali təhsilli kadr hazırlanıb.
Nazirlər Kabinetinin 9 yanvar 1992-ci il tarxli qərarı ilə Bakı filialı MKİ-in tərkibindən çıxarılıb “Azərittifaq”ın mülkiyyətinə veriləndən sonra (1993-cü il aprel) təsisçisi “Azərittifaq” olmaqla müstəqil Azərbaycan Kooperasiya İnstitutu yaradılıb. Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin razılığı əsasında deputat Eldar Quliyevin rəhbərlik etdiyi “Azərittifaq” İdarə Heyətinin 3 may 2001-ci il tarixli, 60 saylı qərarı ilə instituta universitet statusu verilib. Hazırda AKU-da 4 min tələbə ali təhsil alır. Məsələ ilə bağlı AKU rəsmilərinin, rektor Eldar Zülfüqarovun, o cümlədən deputat Eldar Quliyevin də fikirlərini dərc etməyə hazırıq.
E.QƏDİMOV