Prezident Administrasiyasının rəsmisi QHT-lərin narazılığını şərh etdi
Prezident Administrasiyasının rəsmisi QHT-lərin narazılığını şərh etdi
Bu ay Azərbaycanda Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi yaradılıb. Komitənin ilk müraciətdə deyilir ki, Milli Məclisin 17 dekabr 2013-cü il iclasında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilib: “Əlavə və dəyişikliklərdə cərimələrin artırılması, QHT-lərin fəaliyyətinin 1 il müddətinə dayandırılması, vergi və qrant sənədləri, üzvlərin hüquqları, sənədləşmə və məsuliyyətə cəlb etmənin dairəsinin genişləndirilməsi nəzərdə tutur. Qanunvericiliyə xarici QHT-lərin fəaliyyətinə ciddi mane olacaq düzəlişlər də edilib.
Hesab edirik ki, əlavə və dəyişikliklərin qüvvəyə minməsi Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını əngəlləyəcək, onların fəaliyyəti üçün əlavə məhdudiyyətlər və problemlər yaradacaq”.
Müraciəti Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsi adından Qubad İbadoğlu, Arzu Abdullayeva, Leyla Əliyeva, İntiqam Əliyev, İlqar İbrahimoğlu, Mehman Əliyev, Oqtay Gülalıyev, Sabit Bağırov, Azər Mehtiyev və başqaları imzalayıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov yanvarın 9-da “Media forum” saytına deyib ki, Milli Məclisin QHT qanunvericiliyində qəbul etdiyi dəyişikliklər Prezident Administrasiyanın müvafiq şöbələrində öyrənilir: “Hələ ki, öyrənilmə getdiyi üçün məsələ ilə bağlı geniş müzakirə aparmaq düzgün olmazdı. Onu da qeyd edim ki, QHT-lərin həm ümumi fikirləri, həm də hər müddəa və maddə ilə bağlı konkret rəy və təklifləri ola bilər. Onlar bizdə olmadığı üçün əks arqumentləri görə bilmirik.
Həmçinin bununla bağlı digər qurumlarla da məsləhətləşmələr aparılır. Bizim üçün QHT-lərin konkret rəy və təkliflərinin nədən ibarət olması maraqlıdır. Narazı olan bir sıra vətəndaş cəmiyyəti təşkilatının ötən ilin sonunda bizə təqdim etdiyi bəyanatda konkret bir şey yox idi. Görüş zamanı da onlara bildirildi ki, iki-üç gün ərzində rəy və təkliflərini Prezident Administrasiyasına təqdim etsinlər. Hələ ki, bizə heç bir rəy və təklif gəlməyib. Qeyri-hökumət təşkilatları müəyyən müddətə kimi öz rəy və təkliflərini bizə göndərməlidirlər.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının da bu məsələ ilə bağlı rəyləri öyrəniləcək. Bütün rəy və təkliflər alındıqdan sonra prezident İlham Əliyevə təqdim olunacaq. Prosedura görə, gələn qanunlar öyrənilir və təhlil olunur, sonra qanunun imzalanıb-imzalanmaması ilə bağlı ümumi rəy hazırlanır. Son söz isə prezidentindir”.