“ASAN xidmət” korrupsiya sahəsindəki problemlərin aradan qaldırılmasına ciddi təsir edib”
|
- Əhməd müəllim, rəhbəri olduğunuz təşkilat korrupsiyaya qarşı mübarizə istiqamətində hansı işlər həyata keçirib?
- Təşkilatımız 7 ildən çoxdur ki, ölkədə şəffaflığın bərqərar olması, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlı müxtəlif layihələr, tədbirlər həyata keçirir. Bununla əlaqədar ölkə ərazisində müxtəlif istiqamətlər üzrə sosioloji-tədqiqatlar, monitorinqlər aparmış, dəyirmi masalar keçirmiş, ictimai müzakirələr təşkil etmiş, müxtəlif növ çap məhsulları hazırlamışıq. Təşkilatımızın təşəbbüsü ilə müxtəlif vaxtlarda yerlərdə vətəndaşlara hüquqi yardım, ərizə və şikayətlərin müvafiq strukturlara çatdırılması məqsədi ilə məsləhət otaqları fəaliyyət göstərib.
Uğurlu işlərimizin biri də elə ötən il Bakıda təşkil olunmuş “Korrupsiyaya qarşı mübarizə: yeni ideyalar, yeni qüvvələr” mövzusunda beynəlxalq konfrans oldu. Konfransın işində xarici ekspertlər, dövlət qurumlarının nümayəndələri, səfirliklərin və ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, yerli QHT-lər, KİV və s. iştirak edirdi. Konfransın nəticəsi olaraq Azərbaycanın, Rumıniyanın, Ukraynanın, Gürcüstanın vətəndaş cəmiyyəti institutları “Qara dəniz Ölkələri QHT-lərinin Antikorrupsiya Şəbəkəsinin” yaradılması təşəbbüsü ilə çıxış etdilər. Həqiqətən, bu, maraqlı, səmərəsi ola biləcək bir təşəbbüsdür. Hal-hazırda da bu istiqamətdə işlər davam edir. Biz bu təşəbbüsə qoşulmaq üçün Qara dəniz hövzəsində olan digər ölkələrin vətəndaş cəmiyyəti institutlarına da müraciət etmişik. Moldovadan olan həmkarlarımız da bizə qoşulmaq istəklərini bildiriblər. Amma etiraf edim ki, proses gözlədiyimizdən zəif gedir. Bunun da bir neçə səbəbi var.Amma inanıram ki, bu fikri tam mənada reallaşdırmaq mümkün olacaq.