“Ermənilər bizim döyüşçülərin meyitlərinə qarşı insanlığa yaraşmayan ən alçaq hərəkətlər ediblər”
“Ermənilər bizim döyüşçülərin meyitlərinə qarşı insanlığa yaraşmayan ən alçaq hərəkətlər ediblər”
Əhməd Abbasbəyli: “Ermənilərin törətdiyi insanlığa qarşı cinayət və təcavüz Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına daxil edilir”
“KarabakhİNFO.com” e-jurnalının müsahibi "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri, Qarabağ müharibəsi döyüşçüsü Əhməd Abbasbəylidir
-Əhməd müəllim, ilk öncə döyüş yolunuz haqda məlumat vermənizi istərdik. Yəni neçənci illərdə, hansı bölgələrdə döyüşmüsünüz?
- Əgər yadınızdadırsa, o dövrlər vəziyyət çox qarışıq idi. Bir tərəfdən SSRİ-nin dağılma prosesi gedirdi və bunun qarşısını almaq üçün bəzi rus şovinistləri müxtəlif üsullara əl atır, ölkə daxilində olan əlaltıları vasitəsilə qarışıqlıq yaratmaq, təxribatlar törətmək, Azərbaycanı işğal altında saxlamaq cəhdləri edirdilər. Bir yandan ölkə daxilindəki siyasi qüvvələr arasında ciddi gərginlik hökm sürürdü. Hakimiyyət-müxalifət münasibətləri həddən artıq ziddiyyətli idi, iqtidar Moskavanın təsiri altında idi və hələ ki, onların əmrlərini yerinə yetirirdilər. Milli-azadlıq hərəkatının öz daxilində də problemlər var idi və bir tərəfdən də erməni qəsbkarları xaincəsinə öz məkirli planlarını (havadarlarının güclü dəstəyi hesabına) davam etdirirdilər. Amma bütün çətinliklərə baxmayaraq o zaman Azərbaycan xalqı sönməz iradə, qətiyyət, mübarizlik nümayiş etdirirdi. İndi də o günləri yada salanda həqiqətən də qürur hissi keçirirəm ki, minlərlə gənc vətənimiz üçün vuruşmağa, hətta ölməyə hazır idi və buna can atırdı. Elə həmin zamanlar xalq kütlələrinin təzyiqi ilə bu istiqamətdə müəyyən addımlar atılmağa başlandı.