Regional təhlükəsizlik: Ermənistanın pozucu fəaliyyəti və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının imkanları
Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşmasının müqəddəm şərtləri, gedişi və perspektivləri nüfuzlu politoloq və iqtisadçıların, jurnalist və analitiklərin apardıqları diskussiyaların əsas mövzusuna çevrilib. Müşahidələr göstərir ki, bu məsələdə qeyri-müəyyən məqamlar kifayət qədərdir. Onlar daha çox rəsmi İrəvanın pozucu fəaliyyətindən qaynaqlanır. Uğursuz xarici siyasət yürüdən Ermənistan hakimiyyəti regionda qeyri-müəyyənliyi artırır, müxtəlif təbiətli risklərin meydana gəlməsinə səbəb olur. Eyni zamanda, İrəvan bunu Rusiyanın Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizlik istiqamətində ciddi müsbət addımlar atdığı bir mərhələdə edir. Bu isə regionda geosiyasi mənzərənin öz bütövlüyünü itirməkdə olduğu anlamını verir. Bütün bunların fonunda Cənubi Qafqazda təhlükəsizlik sisteminin Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı fonunda formalaşma perspektivlərinin geosiyasi analizinə ehtiyac görürük.
Risk mənbəyi: Ermənistan mövqeyini dəyişmir
Maraqlıdır, Ermənistanda hələ də bu vassal ölkəni müstəqil dövlət sayanlar var. Onlar hətta bu ölkənin qlobal proseslərdəki "yeri və rolu"ndan belə bəhs etməyə çalışırlar. Bunun üçün erməni ekspertlərin bir tutarlı arqumenti belə yoxdur. Əvəzində, antiazərbaycan ruhunda quraşdırılmış və cəfəng uydurmalardan danışırlar. Buna baxmayaraq, Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşdırılması kontekstində Ermənistan faktorunu nəzərə almaq lazımdır. Bunun iki aspektdə mənası vardır.
Əvvəla, Ermənistan Rusiyanın forpostu olaraq nə dərəcədə regional miqyasda təxribat törədə bilər? İkincisi, Ermənistan terroru dəstəkləyən dövlət kimi regional təhlükəsizlik sisteminə hansı dərəcədə təhdid yaradır? Bu iki sualın prizmasından Ermənistan rəhbərliyinin yeritdiyi səbatsız və qeyri-konstruktiv xarici siyasətə nəzər salsaq, rəsmi İrəvanın regionun təhlükəsizliyi üçün qara ləkə olduğunu görürük.
Birinci aspektdən başlayaq. Ermənistan daim Rusiyadan şikayət edir. Rusiyanın yaratdığı bütün inteqrativ təşkilatlarda təmsil olunan Ermənistandır: MDB, Aİİ, KTMT. Bundan başqa, bu ölkənin iqtisadi sistemi, enerji sektoru çox böyük ölçüdə Moskvanın nəzarəti altındadır. Bu yaxınlarda Nikol Paşinyan demişdi ki, KTMT Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Yəni rəsmi İrəvan sözdə bütün təhlükəsizlik strategiyasını Rusiya ilə bağlayır.