Ölkədə yaşayan xalqların bir-birinə münasibətində heç bir problem yoxdur
Ölkədə yaşayan xalqların bir-birinə münasibətində heç bir problem yoxdur
Əhməd Abbasbəyli:
“Respondentlərin çoxu hesab edir ki, ətrafdakı münasibətlər müxtəlif millətlərdən olan vətəndaşlarımızın ünsiyyətinə, bir-birinə qarşı olan davranışına təsir etməyib”
Tolerantlıq və multikulturalizm anlayışları Azərbaycan üçün heç də yad deyil. Azərbaycan xalqı praktiki olaraq öz yaşayışında bu dəyərlərə hər zaman yer verib. Bununla yanaşı, bu dəyərlər istər alimlər, istərsə də vətəndaş cəmiyyəti tərəfindən öyrənilib araşdırılır. Elə son belə bir araşdırmanı “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi German Marşal Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində apararaq maraqlı nəticələr əldə edib. Tədqiqat zamanı ölkədə və regionda millətlərarası münasibətlərin vəziyyəti, xalqlar, ayrı-ayrı qruplar arasında etimad səviyyəsi və bu sahədə olan problemlərin səbəbləri öyrənilib. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bu tədqiqat işi ilə bağlı qəzetimizə
müsahibə verib.
-Belə bir tədqiqat işinin aparılması nə dərəcədə önəmlidir?
-Azərbaycanda multikultural dəyərlərə hər zaman önəm verilib. Xalqımız digər millətlərin nümayəndələrinə də tolerant münasibət göstərib. Biz tədqiqat zamanı bunun bir daha şahidi olduq. Elə araşdırmanın əsas məqsədlərindən biri də beynəlxalq aləmə bunu nümayiş etdirməkdir. Layihə məhz əhalinin müxtəlif təbəqələri arasında tədqiqat işi aparmaq, məsələyə münasibətdə real vəziyyəti öyrənmək, analitik sənədlər hazırlamaq, bu istiqamətdə maarifləndirmə işləri aparmaqdır. Əminik ki, layihə, ilk növbədə ölkədə Azərbaycan xalqının dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq müxtəlif qrupları (rusdilli əhali, etnik azlıqlar və s.) arasında etimadın artırılması baxımından, həmçinin ciddi problemlərin vaxtında qarşısının alınması, beynəlxalq əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, xalqlar arasında separatçılıq toxumu səpmək siyasətinin, qonşu dövlətlərdə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq baxımından əhəmiyyətli və səmərəli təşəbbüsdür. Məhz bu mənada tədbirlərin həyata keçirilməsi və bu prosesdə vətəndaşların fəal iştirakı vacibdir. Tədqiqat German Marşal Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində aparılıb. Sorğu bütövlükdə Bakı, Quba, Qusar, Xaçmaz, Lənkəran və Masallı şəhərlərində, eləcə də ətraf qəsəbə və kəndlərdə həyata keçirilib və cəmi 857 respondenti əhatə edib. Sorğular eyni ərazidə bütün vətəndaşlar arasında, eyni zamanda həmin ərazilərdə fəaliyyət göstərən dövlət orqanları, ictimai təşkilatlar, biznes qurumları və s. arasında aparılıb. Lakin burada vacib bir nüans etnik mütənasibliyin qorunması olub. Layihənin həyata keçirildiyi ərazilərdə yaşayan digər xalqların təmsilçiliyi təmin edilib. Eyni məsələyə bütün tərəflərin münasibətinin öyrənilməsi və obyektiv nəticənin ortaya qoyulması əsas məqsədlərdən idi. Bunun üçün anket tərtib edilib, respondentlərə paylanıb. Sorğuda Azərbaycan Respublikasının bütün vətəndaşları- azərbaycanlılar (Azərbaycan türkləri), talışlar, ləzgilər, ruslar, ukraynalılar, tatlar və s. iştirak ediblər. Sorğuda iştirak edənlərin 64,35% kişi, 39,71%-i qadın idi. Respondentlər əsasən, 18-55 yaşlı insanlar idilər.
-Araşdırmanın nəticəsində əhalinin başqa xalqların, millətlərin nümayəndələrinə münasibətinin necə olduğu ortaya çıxdı?
-Apardığımız tədqiqat işinin nəticəsindən aydın olur ki, bu günə ölkədə millətlərarası münasibət, ölkədə yaşayan xalqların, millətlərin nümayəndələrinin bir-birinə münasibətini ümumilikdə qənaətbəxş hesab etmək olar. Sorğuda iştirak edən vətəndaşlarımızın 43,49%-nin məsələyə münasibəti birmənalı olaraq müsbətdir, yəni onlar üçün, ümumiyyətlə, ya milli mənsubiyyət əhəmiyyət kəsb etmir (14,38%), ya da digər millətlərin nümayəndələrinə münasibəti yaxşıdır (29,11%). Sorğu iştirakçılarının 44,54%-i də, əslində, digər millətlərə münasibətinin pis olmadığını qeyd edir, lakin müəyyən şərtlərlə, yəni 8,35%-i hesab edir ki, digər millətlərin nümayəndələrinə münasibət “pis deyil, amma onlarla dostluq etmərəm”, bu yanaşmanı da, sırf subyektiv münasibət kimi, yəni milli münasibətlər baxımından deyil, şəxsi münasibətlər zəminindən dəyərləndirmək olar. 36,19%-nin isə “baxır, hansı millətin nümayəndəsidir” fikrini, ölkədə son baş verən hadisələr və torpaqlarımızı işğala məruz qoymuş, minlərlə həmvətənlərimizin qatili olan məlum xalqa (erməni) olan münasibətlə izah etmək lazımdır. Bunu bəzi anketlərlə, respondentlərin qeydləri də sübut edir. Hətta sorğu anketinin sonuncu “digər, qeyd edin” qrafasındakı qeydlərin (1,79%) əksəriyyəti (1,16%) məhz bu xalqı məxsusi olaraq qeyd ediblər. Nəticələrin təhlilindən göründüyü kimi, sorğuda iştirak edən həmvətənlərimizin yalnız 9,62%-i digər millətlərin nümayəndələrinə birmənalı olaraq mənfi münasibət göstərirlər. Əslində, müasir dövrdə, bütün dünyada, o cümlədən regionda milli, dini münasibətlərin pisləşdiyi, ətrafda bu zəmində münaqişələrin artdığı bir dövrdə ölkəmizdə yaşayan xalqların bir-birinə, qonşu millətlərin, xalqların nümayəndələrinə (digər dövlətlərin vətəndaşlarına) bu cür münasibəti, ən azı təqdirəlayiqdir.