Əhməd Abbasbəyli: “İstirahət mərkəzlərində süni şəkildə qiymətlərin artırılması istehlakçıların hüquqlarının pozulması
deməkdir”Uzun müddətdir ki, Azərbaycanda turizm sektorunda qiymətlərin baha olması əhalini narahat edir. Məhz buna görə də istirahət mövsümlərində insanlar ölkə daxilində dincəlmədənsdə, xaricə getməyə üstünlük verirlər. Çünki hətta yol xərci əlavə olunsan da, yenə də xaricdə istirahət etmək, Azərbaycandakından ucuz başa gəlir. Bu və digər hallar turizminin inkişafını əngəlləyən faktlardır. Lakin aidiyyəti qurumlar hələ ki, bu məsələnin həlli istiqamətində düzgün yol seçə bilmirlər. Artıq ölkə başçısı səviyyəsində bu məsələnin həlli istiqamətində tapşırıqlar verilib. Nazirlər Kabinetinin son müşavirəsində də Prezident İlham Əliyev qiymətlərin süni şəkildə qaldırılması ilə bağlı fikir bildirib: “Azərbaycanda hotellərin qiyməti bahadır, xüsusilə bölgələrdə elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Bizdə beşulduzlu hotellərin sayı kifayət qədər çoxdur. Ancaq üçulduzlu hotellər azdır, ikiulduzlu hotellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər”.
Hazırda yay mövsümüdür. İstirahət mərkəzləri qiymətləri aşağı salmalıdırlar ki, turistləri cəlb etsinlər. Lakin mütəxəssislərin araşdırmasına görə hələ heç də müsbət nəticə əldə olunmayıb. “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli son 15-20 gündə Quba, Şamaxı və Xızıdakı bir sıra istirahət mərkəzlərinə baş çəkərək bir sosioloq kimi müşahidələr aparıb. Əhməd Abbasbəyli bu məsələ ilə bağlı fikirlərini bizimlə bölüşdü: “Prezident İlham Əliyev ölkədə bəzi sahələrdə, o cümlədən istirahət məkanlarında, hotellərdə qiymətlərin həddən artıq baha olması barədə kəskin iradlar bildirib, bu sahədə ciddi islahatların aparılmasına ehtiyac olduğunu nəzərə çatdırıb. Amma regionlarda müşahidələr apararkən hələ ki, heç bir müsbət dəyişiklik hiss etmədik. Qiymətlər həddən artıq çox bahadır. Qonşu Gürcüstanla müqayisə edəndə 3-4 dəfə fərq edir. Xidmət çox aşağı səviyyədədir. Hər yerdə 3, 4 ulduzlu hotellər yazıblar. Amma bunlar Türkiyənin heç 2 ulduzlu hotelləri səviyyəsində deyil. Bir-iki yeri çıxmaqla yeməklərin keyfiyyəti qaneedici deyildi. Bəzi mehmanxanlarda Wi Fi yazılsa da işləmirdi. Həmçinin bəzilərində idman zalı olsa da, fəaliyyət göstərmirdi. Üzgüçülük hovuzları isə əlavə ödənişlə idi”.
Əhməd Abbasbəyli dedi ki, turizmin inkişaf etdirilməsi vacib məsələdir: “Ölkədə birmənalı olaraq turizminin inkişafına nail olmaq lazımdır. Bunu ölkə rəhbərliyi də dəfələrlə deyib. Bunun üçün bizim çox böyük potensialımız var. Amma bizdə süni qiymət artımı, xidmətlərin aşağı səviyyədə olması hələ öz ölkəmizin vətəndaşlarını dincəlmək üçün xaricə getməyə məcbur edir. Neçə illərdir mən çalışıram ki, Azərbaycanda dincəlim. Bir dəfə olsun xarici vətəndaşa rast gəlməmişəm”.
Sosioloqun fikrincə, süni şəkildə qiymətlərin artırılması istehlakçıların hüququnun pozulması deməkdir: “İrad tutanda deyirlər ki, sahibkarlar müstəqildir. Amma sahibkar da ancaq öz cibini fikirləşməməlidir. Sahibkarlara sərbəstlik verilib, amma bu o demək deyil ki, onlar süni qiymət artımı edə bilərlər. Qiymətlərin süni artırılması qeyri-qanuni hərəkətlərdir. Digər tərəfdən qanunvericilik istehlakçının da hüquqlarını nəzərə alır. Mən getdiyim istirahət mərkəzlərində nöqsanlarla bağlı iradlar tutdum. Cavabında deyirdilər ki, öz rəhbərliklərindən heç bir göstəriş gəlməyib. Maraqlıdır ki, nə irad tuturdumsa, deyirdilər ki, rəhbərlikləri belə deyib. Bunların rəhbərliyi demirsə, deməli, qanunlara tabe olmaq lazım deyil!? Sanki bunların rəhbərliyi qanunların fövqündə dayanır. Başa düşə bilmirəm, Mədəniyyət və Turizm Nazirliyi, sahibkarlar bu xeyirxah və vacib təşəbbüsə niyə reaksiya vermirlər? Bəlkə, yayın çıxmasını, istirahət mövsümünün bitməsini gözləyirlər?”.
Əhməd Abbasbəyli müşahidə apardığı istirahət mərkəzlərində vergidən yayınma faktları ilə də qarşılaşıb: “Ölkə qanunvericiliyinə uyğun olaraq vergilərin ödənilməməsi faktı aydın görünürdü. Faktiki ödədiyim pula görə hər hansı sənəd ala bilmirdim. Hoteldən verdiyim pul üçün mədaxil qəbzi istədim, məlum oldu ki, onlarda, ümumiyyətlə belə bir sənəd yoxdur. Restoranda hesab verəndə (təbii qəbzsiz), adi kağız parçasında qiymətlər yazılmışdı, bütün yeməklərdən əlavə 10% civarında servishaqqı yazılmışdı. Soruşurdum ki, bu, ofisianta çatır? Məlum oldu ki, bunun ofisianta dəxili yoxdur”.
CVMİ sədri bildirdi ki, işçilərin əksəriyyəti müqaviləsiz işləyirdi: “Bu da Əmək Məcəlləsinin pozulması faktıdır. Hansından soruşdumsa deyirdi ki, günəmuzd işləyirlər. İşçilərin müqaviləsiz işlədilməsi çox ciddi qanun pozuntusudur”.
Fuad Hüseynzadə