Ölənlərin sayı 6260-a çatdı
Ölənlərin sayı 6260-a çatdı
Yerli əhali daha bir təhlükə, epidemiya təhlükəsi qarşısında qala bilər
Nepalda dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 6260-a çatıb. Ötən gün axtarış-xilasetmə qrupları daha bir neçə nəfərin meyitini dağıntılar altından çıxarıblar. Məlumata görə, zəlzələ nəticəsində 1000-ə yaxın Avropa vətəndaşı itkin düşüb. Rəsmi olaraq onlardan 12 nəfərinin təbii fəlakət nəticəsində öldüyü təsdiqlənib.
Rəsmilər ölü sayının 10 minə çatacağını bildiriblər.
Təbii fəlakət bölgəsində axtarış əməliyyatları da tədricən yekunlaşdırılır. Lakin yerli əhali daha bir təhlükə, epidemiya təhlükəsi qarşısında qala bilər. Əhalinin öz yaxınlarının meyitlərini yerdən götürməməsi onların açıq havada yandırılması ilə nəticələnir.
Zəlzələnin dəhşətini gözlər önünə sərən daha bir ekskluziv kadrlar yayılıb. Qorkha bölgəsində yeraltı təkanlar Kral Tribhuanın abidəsini uçurdur. İnsanlar təlaş içində dağıntılardan qorunmağa çalışırlar.
Birləşmiş Millətlər Təşkilatı təbii fəlakətdən əziyyət çəkən insanlara humanitar yardım edilməsi təcili çağırışlar edib. Rəsmilərin məlumatına görə, hazırda Nepalda azı 2 milyon insan ərzaq, su, çadır və tibbi vasitələrə ehtiyac duyur.
Şiddəti rixter cədvəli ilə 7.8 bala çatan zəlzələ Nepalda son 80 ildə baş vermiş ən dağıdıcı təbii fəlakətlərdən biri oldu. Nepal rəhbərliyi zəlzələ nəticəsində ölkəyə dəyən ziyanın aradan qaldırılması üçün 2 milyard dollara ehtiyac olduğunu açıqlayıb. (anspress.com)