“Komissiyada hər hansı bir neqativ halla qarşılaşmamışam”
“Komissiyada hər hansı bir neqativ halla qarşılaşmamışam”
Əhməd Abbasbəyli : “Komissiyaya qeyri-obyektiv münasibət ya bu qurumun fəliyyəti ilə bağlı məlumatsızlıqdan, ya da şəxsi maraqlardan doğan qərəzli münasibtələrdən qaynaqlanır”
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğu və kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasəti həyata keçirir. Azərbaycan vətəndaşları Komissiyanın imtahanlarından keçdikdən sonra müraciət etdikləri dövlət orqanlarında işləmək imkanı əldə edirlər. Komissiya şəffaf şəkildə bu imkanları vətəndaşlarımız üçün yaradır. Təəssüf ki, bilik və dünyagörüşü səviyyəsinin aşağı olması səbəbindən müsahibədən keçə bilməyənlər və ya onların himayədar yaxınları qərəzli şəkildə Komissiyaya qarşı ittihamlar irəli sürürlər. Melumat-merkezi.com-un məlumatına görə, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın eksperti Əhməd Abbasbəyli belə qərəzli çıxış edənləri qınayıb. Onun sözlərinə belə insanlar ya Komissiyanın işindən xəbərdar deyillər, ya da qərəzli yanaşırlar: “Əlbəttə ki, hər hansı yarışmada məğlub olan tərəfin, istər imtahandan kəsilənin, istərsə də müsahibədən keçməyən narazı olması, şikayət etməsi başa düşüləndir, hətta bu prosesdə kimlərinsə ayrı-ayrılıqda hər hansı bir səhvə yol verməsi mümkündür, amma bütövlükdə bütün bu fəaliyyətə bu cür qeyri-obyektiv münasibət, ən azı ədalətsizlikdir və bu prosesdə təmanasız olaraq, fəaliyyət göstərən onlarla vicdanlı, peşəkar insanlara qarşı hörmətsizlikdir. Yəni bu, onların şəxsi maraqlarından doğan bir münasibət ola bilər. Mən məsələnin kənardan müşahidəçisi deyil, işin birbaşa içində olan ekspert kimi, həm də komissiyanın işinə ictimaiyyətin nümayəndəsi kimi, bir mütəxəssis kimi kənardan cəlb edilmiş, müstəqil bir ekspert kimi deyirəm ki, Komissiyada hər hansı bir neqativ halla qarşılaşmamışam. Bunu mən tam əminliklə deyirəm. Etiraf etmək lazımdır ki, ölkədə kifayət qədər problemli, nöqsanlı sahələr var. Lakin ölkə rəhbərliyi də dəflərlə deyib ki, Azərbaycanda dünyaya nümunə olacaq dövlət orqanları var. Buna ASAN xidmət, eləcə də Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasını misal gətirmək olar. Məni bir vətəndaş olaraq narahatam ki, niyə görə müsbət fəaliyyəti olan quruma belə qərəzli yanaşırlar”.
Əhməd Abbasbəyli bildirib ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının fəaliyyət göstərdiyi müddətdə minlərlə, savadlı, bacarıqlı gənc, heç xahiş, minnət, tapşıqrıq, rüşvət və s. olmadan dövlət qulluğuna qəbul olunub. Əminliklə deyirəm ki, proseslərdə iştirak etdiyim 3 il ərzində qatıldığım müsahibələrdə heç bir vətəndaşa qarşı qərəzli, qeyri-obyektiv münasibət olmayıb, dövlət qulluğuna qəbul prosesində gənclərin heç birinə qarşı komissiya tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilməyib. Komissiyanın həyata keçirdiyi müsahibələrdə hər kəs üçün birmənalı olaraq şəffaflıq təmin olunub, bütün müsahibələrdə videoçəkiliş təmin edilib, istənilən zaman kənar müşahidəçilərin iştirakı təmin edilib. Müsahibə komissiyası müxtəlif sahələri (1 nəfər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasını, müvafiq dövlət orqanını təmsil edir, bir nəfər isə müstəqil ekspert elm, təhsil müəsissələrini, ictimai birlikləri təmsil edir) təmsil edən, bir–birini tanımayan 3 nəfərdən təşkil edilir ki, həmin tərkib yalnız müsahibə günündən əvvəlki gün axşam saat 18.00 radələrində məlum olur. Bundan əlavə, yuxarıda qeyd etdiyim kimi, istər QHT nümayəndələri, istər KİV nümayəndələri və s. imtahan prosesində müşahidəçi qismində iştirak edə bilər. Burada qeyri-obyektivlik, qərəzli münasibət mümkün deyil, ola bilməz. Təbii ki, imtahandan keçməyənlərdən narazı qalanlar da olur, onlar da appellyasiya şikayəti verə bilərlər”. Mənim praktikamda bir neçə belə hal olub ki, müsahibədən keçməyən namizəd appellyasiya şikayəti edib. Bu şikayətə xüsusi yaradılmış komissyada baxlıb. Şikayətə baxılanda videoçəkilişlər, bütün verilən suallar, onlaraı cavabları bu komissiya tərəfindən araşdırılır.
Onun sözlərinə görə, ola bilər bəzi şəxslər vəzifə səlahiyyətlərindən, imkanlarından, əlaqələrindən istifadə edərək, komissiyanın işinə təsir etməyə cəhd etsin, öz yaxınlarını, tanışlarını işə düzəltmək üçün xahiş etsinlər: “Amma mən ekspert olduğum dövrdə belə bir fakta rast gəlməmişəm ki, kiminsə xahişi ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası həmin adamı işə götürsün. Birmənalı şəkildə demək olar ki, bu baxımdan obyektivlik qorunur. Bu gün hər bir dövlət orqanı öz vakant yerlərini Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edir. Komissiya bu yerlərlə bağlı elan verir. Hər hansı insan Komissiyanın test və müsahibə mərhələsinin keçəndən sonra həmin dövlət orqanı o insanı işə götürməyə borcludur. Hesab edirəm ki, müsbət mənada həyata keçirilən hər hansı bir işə qara yaxmaq düzgün deyil”.