"Ədalətli cəmiyyət naminə" layihəsinə start verilib
Layihənin məqsədi ölkədə şəffaflığın yaradılmasında, dövlət qurumlarının işinin təkmilləşdirilməsində dövlətə yardımçı olmaq, vətəndaşlara hüquqi yardım etmək, gənc nəsli bu işə həvəsləndirmək və bu təşəbbüsün bütün ölkə boyunca vüsət almasına nail olmaqdır. Layihənin uzunmüddətli və genişmiqyaslı işin bir mərhələsi kimi Azərbaycanın konkret bir neçə regionunda həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində Bakı şəhərində Dəyirmi Masa keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının, nazirliklərin, qeyri-hökumət təşkilatlarının və gənclər təşkilatlarının, ölkədə təmsil olunan beynəlxalq qurumların nümayəndələri və jurnalistlər iştirak edib.
Dəyirmi Masanı giriş sözü ilə "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev açaraq, mövzunun aktuallığından danışıb, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli tədbir iştirakçılarını salamlayaraq, layihə çərçivəsində "CVMİ" İB ilə əməkdaşlıq edən bütün təşkilatlara, xüsusilə nazirliklərə, digər dövlət qurumlarına təşəkkürünü bildirib. O, layihə barədə geniş məlumat verərək, həyata keçirilən fəaliyyətin ölkədə bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılmasına, vətəndaşların maarifləndirilməsinə, dövlət orqanlarının işinin təkmilləşdirilməsinə, vətəndaş cəmiyyəti ilə dövlət orqanları arasında əməkdaşlığın daha da yaxşılaşdırılmasına zəmin yaradacağını bildirib.