QHT-lər Türkiyədəki seçkiləri Bakıdan izləyəcəklər?
QHT-lər Türkiyədəki seçkiləri Bakıdan izləyəcəklər?
Türkiyədə hakim AKP (Ədalət və İnkişaf Partiyası) ilə Camaatın rəhbəri Fətullah Gülən arasındakı gərginliyin seçkilərin nəticələrinə təsir edəcəyi şübhəsizdir. Bu səbəbdən bələdiyyə seçkiləri dünya media orqanlarının, o cümlədən QHT-lərin diqqətində olacaq. Azərbaycan QHT-lərinin Türkiyədəki seçkilərə münasibətini öyrənmək üçün Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İB-nin sədri Əhməd Abbasbəyliyə müraciət etdik. O, bildirdi ki, seçkiləri müşahidə etmək üçün heç bir qurumdan dəvət almayıblar:
“Buna görə də Türkiyədəki bələdiyyə seçkilərini Bakıdan izləyəcəyik. Ölkə daxilində, bir çox Avropa ölkələrində, keçmiş SSRİ məkanında seçkiləri izləyən QHT kimi Türkiyədəki seçkiləri də nəzarətdə saxlamağa çalışacağıq. (teleqraf.com)
Çox vaxt ATƏT, Avropa Şurasının xətti ilə Türkiyəyə səfərlərimiz olub. Türkiyədə bu sahədə demokratik qurum var, oturuşmuş bir proses gedir. Prosesləri izləyirik, bu il əvvəlki illərə nisbətən seçkilər gərgin keçəcək. AKP ilə Camaat arasındakı böhran seçkilərə də təsir edəcək. Faktdır ki, Türkiyədə ciddi proseslər baş verdi. Bu, xüsusilə iqtidar partiyasının toplayacağı səslərə təsirsiz ötüşməyəcək. Baş nazir Rəcəb Tayyib Ərdoğan böhrandan çıxmaq üçün müxtəlif çabalar göstərir. Hakim partiyanın birinciliyi götürəcəyi aydındır. Amma əvvəlki illərdəki kimi tam qələbə ilə başa vuracağına inanmıram. İstər müxalifət partiyaları ilə, istərsə də camaatla yaşananlar göz qabağındadır. Türkiyədə bələdiyyə seçkilərinə daha çox önəm verilir. Bu da onların gələcək fəaliyyətinə təsir edəcək”. Ə. Abbasbəyli rəhbərlik etdiyi QHT-nin hazırkı fəaliyyətindən də danışıb: “İllərdir ölkədə vətəndaş cəmiyyətinin qurulması istiqamətində çalışırıq, korrupsiyaya qarşı mübarizə sahəsində, vətəndaşların hüquqlarının müdafiəsi uğrunda işlər görürük. Bu gün vətəndaşların dövlət qurumlarına müraciətləri ilə bağlı layihə həyata keçiririk. Onlara hüquqi yardımın edilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması, dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunması ilə bağlı fəaliyyətinin təkmilləşməsinə diqqət ayrılır”. |