«AZƏRBAYCANDA ƏKSƏRİYYƏT DÖVLƏT QULLUĞUNA CAN ATIR»
Sosioloq Əhməd Abbasbəyli Azərbaycanda bu cür araşdırmaların aparılmasında nə dövlətin, nə də özəl sektorun maraqlı olduğunu deyir. Elə buna görədir ki, abituriyent özünütəsdiq baxımından çox önəmli bir sualla qarşılaşanda, bilmir hansı peşəni və ya hansı ali məktəbi seçsin:
«Dünyaya və Azərbaycana baxanda fərqli mənzərə görürsən. Məsələn, inkişaf etmiş ölkələrdə hamı dövlət qulluğunda çalışmaqdan qaçır, amma Azərbaycanda əksəriyyət buna can atır. Hələ ayrıca idarəetmə akademiyası da açılır. Dünyada yetərincə populyar peşələr var və bilirsən ki, 5-10 il sonra Azərbaycanda da həmin peşələrə ehtiyac duyulacaq. Tutalım, sığorta mütəxəssisliyi. İndi bu ixtisas üzrə təhsil alan yoxdur. Bizdə bu işlə ancaq qeyri-peşəkarlar məşğuldur. Və ya ölkədə tikinti bumudur, amma yaranan mənzərə özü onu göstərir ki, bu işlə məşğul olanlar mütəxəssislər deyil, onun-bunun qohum-əqrəbasıdır».
Mütəxəssis onu da deyir ki, ayrı-ayrı dövlət qurumları, eləcə də ali məktəblər ixtisasların perspektivi barədə araşdırma aparıb, proqram tərtib edərək ictimaiyyətə açıqlamalıdır. Universitetlərin tanıtım proqramları da olmalıdır.