Şaumyan rayon Komsomol Təşkilatında çalışırdım
“Şaumyan rayon Komsomol Təşkilatında çalışırdım”
Əhməd Abbasbəyli: “Şuşa və Laçın da daxil olmaqla Dağlıq Qarabağın bütün bölgələrində oldum”
Azərbaycan Milli İstiqlal Partiyasının təşkilat məsələləri üzrə keçmiş katibi, hazırda Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəylinin dünən 48 yaşı tamam olub. “Gündəlik Teleqraf”ın əməkdaşı ad günündə keçmiş hərəkatçı ilə həmsöhbət olub.
- Milli-Azadlıq Hərəkatında iştirakınızı necə xatırlayırsınız?
- Hərəkat illəri mənim həyatımın ən romantik, ən maraqlı, ən yaddaqalan və ən həyəcanlı dövrləri idi. 1986-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirdikdən sonra zavodların birində mühəndis işləyirdim. İctimai həyatda fəal olduğuma görə məni komsomola cəlb etdilər. Hərəkat başlayanda, 1988-ci ilin fevralında bizi, yəni komsomol işçilərini təcili bir yerə yığdılar və dedilər ki, şəhərdə mitinq olub. Ondan sonra mən hərəkatla maraqlanmağa başladım. Getdikcə bu proses məni özünə daha çox cəlb edirdi və mən bir gün artıq hərəkatın içində olduğumu gördüm. Ancaq hələ tələbə olduğumuz dövrdə inqilabi proseslərə marağım vardı, Azərbaycanın müstəqilliyi ilə bağlı çayxanalara yığışıb vaxtaşırı diskussiyalar aparırdıq. Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını oxuyub bir-birimizə ötürürdük. O dövrdə SSRİ boyda nəhəng bir imperiyanın dağılacağına heç kim inanmırdı. Ona görə də hərəkat barədə eşidən kimi dərhal onunla maraqlanmağa başladım. Mən o vaxt eyni zamanda Şaumyan rayon Komsomol Təşkilatında çalışırdım.