Lalə Şövkət vahid namizəd olmaq istəyir?
Lalə Şövkət vahid namizəd olmaq istəyir?
Əvəz Temirxan: “Müxalifətin ən reytinqli namizədi Lalə Şövkətdir”
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət müxalifətin vahid namizədi olmaq istəyir. ALP-nin sədri Əvəz Temirxanın yanvarın 10-da APA-ya verdiyi açıqlamanı oxuduqdan sonra adamın ağlına gələn ilk fikir bundan ibarət olur. Ə.Temirxan açıqlamasında müxalifətin ən reytinqli namizədinin L.Şövkət olduğunu bildirib.
O deyib ki, Azərbaycanda demokratik seçki mühiti yaranarsa, ALP lideri prezident seçkilərində ən real namizəd ola bilər: “Hələ iki il bundan əvvəl müxalifət daxilində vahid namizədi müəyyənləşdirmək haqqında fikir formalaşmışdı. Hətta bəzi partiya liderləri, ictimai təşkilatların nümayəndələri Lalə Şövkətin müxalifətin vahid namizədi olmasını təklif edirdilər. Hesab edirəm ki, müxalifətin ən reytinqli namizədi Lalə Şövkətdir. Əgər ölkədə nisbi demokratik seçki mühiti yaranarsa, qanunvericilik təsbit olunarsa, o zaman partiyanın lideri Lalə Şövkət 2013-cü il prezident seçkilərinə qatıla bilər”. ALP sədrinin sözlərinə görə, seçkilər seçki xatirinə deyil, hakimiyyəti dəyişmə vasitəsi kimi, hakimiyyətə gəlmək naminə olmalıdır: “Seçki xətrinə seçkiyə getməyə dəyməz. Müxalifət ilk növbədə vahid mübarizə komandasına çevrilməlidir, vahid mübarizə platforması olmalıdır”.