Müxalifətin prezidentliyə neçə namizədi olacaq?
Müxalifətin prezidentliyə neçə namizədi olacaq?
Əhməd Abbasbəyli: “Bu düşərgənin ən azı 5-6 namizədinin olacağını indidən demək olar”
Gələn il Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçiriləcək. Artıq bəzi siyasi partiya rəhbərləri seçkidə iştirak edəcəklərini açıq şəkildə bəyan ediblər. Məsələn, Müsavat Partiyası Divanı dekabrın 24-də keçirilən iclasında partiya başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsini Məclisə tövsiyə edib. Məclisin yanvarın 4-də keçiriləcək iclasında İ.Qəmbərin namizədliyinin partiya tərəfindən rəsmən irəli sürüləcəyi gözlənilir. Bəs, ümumilikdə müxalifətin prezidentliyə neçə namizədinin olacağı gözləniləndir? Bu düşərgənin mümkün namizədləri kimlərdir? Bu sualla müraciət etdiyimiz Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri, AMİP-in təşkilat məsələləri üzrə keçmiş katibi Əhməd Abbasbəyli bildirib ki, müxalifətin yekcins olmaması, rəngarəng olması və seçkilərə 10 aya yaxın vaxt qalması bu istiqamətdə fikir yürütmək imkanlarını çətinləşdirir: “Müxalifət adı ilə çıxış edən namizədlər çox olacaq. Azərbaycanın müstəqillik tarixi az olsa da, seçkidə müxalifətin iştirakının formaları ilə bağlı xeyli maraqlı nümunələr var. Hələ 1990-cı ildə prezident seçkiləri keçiriləndə müxalifət seçkiləri boykot etdi. Ancaq həmin vaxt müxalifət adı ilə bir neçə alternativ namizəd irəli sürüldü. Həmin insanlar guya hakimiyyətin bu və digər siyasətini tənqid edirdilər. Amma onların əsas məqsədi seçkiyə demokratik imic verib alternativlik görüntüsü yaratmaq idi. Bu hərəkətlər daha sonrakı illərdə də təkrarlanıb”.